BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə 18 Nəqliyyat Mübadiləsi Mərkəzindən edilən 4 200-dən çox səfər nəticəsində ümumilikdə 45 minə yaxın sərnişin getdiyi ünvana çatdırılıb.
Bu barədə “Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, bu sərnişindaşıma əməliyyatlarında Agentliyin 350 əməkdaşı iştirak edib.
Məlumata görə, noyabrın 12-si – COP29-un ikinci günündə daşıma sayı turistlərin yerüstü nəqliyyat xidmətlərinə yüksək marağını nümayiş etdirir ki, bu da bizim beynəlxalq arenada keyfiyyətli və etibarlı nəqliyyat həlləri təqdim etmək qabiliyyətimizi təsdiqləyir.
Nəqliyyat vasitələrini düzgün yönləndirilməsi sayəsində sərnişinlərin rahat və təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportundan H1 ekspres avtobusu ilə “28 May” və H2 ekspres avtobusu ilə “Əhmədli” metro stansiyalarına çatdırılması həyata keçirilib.
Qeyd edək ki, tədbirin ilk günündə sərnişinlərin şəhər nəqliyyatından rahat və səmərəli istifadəsi üçün təşkil edilmiş 18 HUB-dan etibarlı nəqliyyat əlaqəsi təmin edilərək ümumilikdə 35 min sərnişin daşınıb.