Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti pensiya fondları, sığorta şirkətləri kimi müəssisələri onunla işləməyə inandırmağa çalışır.
"Report" xəbər verir ki, bunu “ACWA Power” şirkətinin baş direktoru Marko Arkelli (Marco Arcelli) noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda bildirib.
Onun sözlərinə görə, “ACWA Power” Səudiyyə Ərəbistanı və Özbəkistanda “yaşıl hidrogen”ə sərmayə qoyub: “Müxtəlif qurumları "yaşıl keçid” ətrafında birləşməyə çağırıram. Biz fəaliyyət göstərdiyimiz hər bir cəmiyyət üçün ən səmərəli həlli təmin edirik. Lakin bunu təkbaşına edə bilmərik, ona görə də ən yaxşı texnologiyaları, ən yaxşı maliyyə həllərini gətirmək üçün köməkçi kimi çıxış edirik”.
O qeyd edib ki, şirkət ən yaxşı maliyyəni gətirməklə, dünyanın ən yaxşı texnologiyalarını ucuzlaşdırır: “Bizə maliyyə təşkilatları ilə işləmək üçün lazımdır, onlar da müqavilə müddətini 20-25 ilə qədər artırmalıdırlar ki, müqavilə daha uzun və xərclər aşağı olsun".
M. Arkelli deyib ki, adambaşına düşən illik gəliri 2 000-3000 ABŞ dolları olan ölkələrə 15 milyard ABŞ dolları sərmayə qoyulur: “Bu səbəbdən bu cür ölkələrdə pensiya fondlarını və sığorta şirkətlərini şirkətlə işləməyə inandırmağa çalışırıq”.