Bakıda milli standartların beynəlxalq standartlara uyğunlaşdırılmasına dair tədbir keçirilib

Bakıda milli standartların beynəlxalq standartlara uyğunlaşdırılmasına dair tədbir keçirilib Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Milli standartların beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşdırılması: mövcud vəziyyət və perspektivlər” mövzusunda tədbir keçirilib.
Biznes
21 Dekabr , 2018 17:02
Bakıda milli standartların beynəlxalq standartlara uyğunlaşdırılmasına dair tədbir keçirilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Milli standartların beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşdırılması: mövcud vəziyyət və perspektivlər” mövzusunda tədbir keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkə prezidentinin rəhbərliyi ilə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və innovasiyalar əsasında inkişafı ilə bağlı sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, yeni qanunvericilik bazası formalaşdırılıb, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatlar aparılıb və təşviq mexanizmləri tətbiq edilib. Nazir müavini Azərbaycanda standartların tətbiqi, keyfiyyətli xidmətlərin göstərilməsi və qeyri-neft sektoru üzrə istehsal və ixracın beynəlxalq tələblərə uyğunlaşdırılmasının əhəmiyyətini qeyd edib.

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev texniki tənzimləmə və standartlaşdırma sahəsində aparılan islahatların əsas məqsədinin ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsi olduğunu qeyd edib. İnstitut tərəfindən “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” yeni qanun layihələrinin Milli Məclisdə birinci oxunuşdan keçdiyi, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın layihəsinin hazırlanması, eyni zamanda ölkəmizin standartlaşdırma üzrə beynəlxalq qurumlarda təmsilçiliyinin təmin olunması kimi məsələlər də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, Dövlət Proqramının layihəsində Avropa İttifaqının direktiv və reqlamentləri əsasında 45-dək milli texniki reqlamentin hazırlanması, istinad standartlarının qəbulu nəzərdə tutulur. Beynəlxalq və Avropa standartlarının ölkədə tətbiqi, texniki komitələrin fəaliyyəti barədə məlumat verən Namiq Tağıyev beynəlxalq əməkdaşlıq üzrə keyfiyyət infrastrukturu sahəsində 20-dək hökumətlərarası sazişin olduğunu, İSO-nun 11 texniki və 4 xüsusi komitəsində Azərbaycanın təmsil olunduğunu bildirib.

Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu Türk Standartları İnstitutunun beynəlxalq standartlara uyğunlaşma prosesi və bu prosesin sənayenin inkişafına təsirləri, eləcə də sənaye müəssisələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili sahəsində əməkdaşlığa dair fikirlərini bölüşüb.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev çıxışında milli standart və prosedurların müasir beynəlxalq təcrübəyə uyğunluğunun artırılması istiqamətində görüləcək tədbirlərin əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxış edən “Asena Ko” MMC-nin direktoru Vahid Hümmətov kənd təsərrüfatı təyinatlı avadanlıqların istehsalı sahəsində tətbiq edilən milli və beynəlxalq standartlar haqqında məlumat verib, ixrac imkanlarının genişləndirilməsində beynəlxalq sertifikatların vacibliyini diqqətə çatdırıb.

“Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov təmsil etdiyi səhmdar cəmiyyət tərəfindən istehsal olunan “Xəzər” avtomobillərinin “Avro-5” standartlarına uyğun olduğunu, avtomobillərin beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verdiyini bildirib, standartlaşdırmanın əhəmiyyətini vurğulayıb.

Tədbirdə milli standartların beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşdırılması və bu sahədə dövlət-özəl əməkdaşlığının möhkəmləndirilməsinə dair təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi