"Noyabrın 1-dən etibarən Azərbaycan vətəndaşları qeydiyyatdan asılı olmayaraq bütün "ASAN Xidmət" mərkəzlərində öz şəxsiyyət vəsiqələrini ala bilərlər".
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədr müavini Ceyhun Salmanov məlumat verib.
C.Salmanovun sözlərinə görə, şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı Bakı və Sumqayıtda sıxlıq yaşanacağı ilə bağlı fikirlər olub: "Güman edilirdi ki, qeydiyyat asılılığı aradan qaldırıldıqdan sonra böyük sıxlıqlar yarana bilər. Amma ciddi problemlər yaranmayıb. Lakin vətəndaşların rahatlığı baxımından bu yenilik çox böyük əhəmiyyətə malikdir. Çünki vətəndaşlar regionlarda qeydiyyatdadılar, amma Bakı, Sumqayıt və digər iri şəhərlərdə işləyirlər. Əvvəllər onlar öz rayonlarına getmək məcburiyyətində qalırdılarsa, artıq onlar istədikləri "ASAN Xidmət" mərkəzinə gedib şəxsiyyət vəsiqələrini ala bilərlər. Hazırda bu məsələdə heç bir problem yoxdur. Dövlət qurumları ilə əlaqəli şəkildə proses qurulub. Sistem yeni tətbiq olunduğu üçün bəzən xırda məsələlər çıxır. Ümumilikdə proses qaydasında davam edir".