Türkün iqtisadi gücü, yaxud TDƏŞ ilə Azərbaycanın real biznesi

Türkün iqtisadi gücü, yaxud TDƏŞ ilə Azərbaycanın real biznesi ​​​​​​​Ötən həftə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üvz ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu və iqtisadiyyat üzrə işçi qrupunun 12-ci iclasları baş tutub
Biznes
17 Sentyabr , 2021 16:20
Türkün iqtisadi gücü, yaxud TDƏŞ ilə Azərbaycanın real biznesi

Ötən həftə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu və iqtisadiyyat üzrə işçi qrupunun 12-ci iclasları baş tutub.

Bu iclaslarda Şuraya üzv dövlətlərin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin TDƏŞ-in müşahidəçi dövləti olan Macarıstan arasında bir sıra iqtisadi təkliflər səslənib, müxtəlif məsələlər həllini tapıb.

“Report” Azərbaycanın TDƏŞ-ə üzv olan ölkələrlə bu ilin yanvar-avqust ayları üzrə Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə istinadən mövcud ticarət dövriyyəsinin həcmini araşdırıb və bu ölkələrin Azərbaycanla olan iqtisadi məsələlərinə və gələcək perspektivlərinə nəzər yetirib.

1 ildə milyard dollardan çox artan ticarət dövriyyəsi

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın TDƏŞ-ə üzv olan 5 ölkə ilə ümumi ticarət dövriyyəsinin həcmi 4 milyard 808,3 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 763,7 milyon ABŞ dolları və 57,9 % çoxdur.

Hesabat dövründə Şura ölkələri arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 23,7 %-nə bərabər olub.

Bu ilin 8 ayında Azərbaycanın TDƏŞ-ə üzv ölkələrinə ixracının dəyəri 2 milyard 929,3 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 987 milyon 945 min ABŞ dolları və ya 50,9 % çoxdur.

Azərbaycanın TDƏŞ-ə üzv ölkələrindən idxalının dəyəri isə 1 milyard 878,9 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 775 milyon 784 min ABŞ dolları və ya 70,3 % çoxdur.

Azərbaycanın TDƏŞ-ə üzv ölkələrə ixracı ümumi ixracının 22,6 %-nə, bu ölkələrdən idxalı isə ümumi idxalının 25,5 %-nə bərabər olub.

Qardaş ölkə ilə 3 milyard dollara yaxınlaşan əməkdaşlıq

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan və qardaş Türkiyə arasında ümumi dəyəri 2 milyard 885 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % azdır.

Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 14,22 %-nə bərabər olub.

Bu ilin 8 ayında Azərbaycanın Türkiyəyə ixracının dəyəri 1 milyard 756 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 8,3 % azdır.

Azərbaycanın Türkiyədən idxalının dəyəri isə 1 milyard 128 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 14,7 % çoxdur.

Azərbaycanın Türkiyəyə ixracı ümumi ixracının 13,58 %-nə, Türkiyədən idxalı isə ümumi idxalının 15,35 %-nə bərabər olub.

Xəzərin o tayından bu tayına ticarət artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan və qonşu Qazaxıstan arasında ümumi dəyəri 71 milyon 243 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % çoxdur.

Bu ilin 8 ayında Azərbaycanın Qazaxıstana ixracının dəyəri 22 milyon 204 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 22,03 % çoxdur.

Azərbaycanın Qazaxıstandan idxalının dəyəri isə 49 milyon 039 min ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,9 % azdır.

Azərbaycanın Qazaxıstana ixracı ümumi ixracının 0,17 %-nə, Qazaxıstandan idxalı isə ümumi idxalının 0,67 %-nə bərabər olub.

Qırğızıstana ixracımız 5 dəfə artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan və Qırğızıstan arasında ümumi dəyəri 6 milyon 977 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Bu ilin 8 ayında Azərbaycanın Qırğızıstana ixracının dəyəri 4 milyon 733 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 5 dəfə çoxdur.

Azərbaycanın Qırğızıstandan idxalının dəyəri isə 2 milyon 244 min ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,15 % çoxdur.

Azərbaycanın Qırğızıstana ixracı ümumi ixracının 0,04 %-nə, Qırğızıstandan idxalı isə ümumi idxalının 0,03 %-nə bərabər olub.

Özbəkistana 2 dəfədən çox məhsul göndərmişik

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan və Özbəkistan arasında ümumi dəyəri 61 milyon 844 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % çoxdur.

Bu ilin 8 ayında Azərbaycanın Özbəkistana ixracının dəyəri 16 milyon 093 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.

Azərbaycanın Özbəkistandan idxalının dəyəri isə 45 milyon 751 min ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 13,3 % çoxdur.

Azərbaycanın Özbəkistana ixracı ümumi ixracının 0,12 %-nə, Qırğızıstandan idxalı isə ümumi idxalının 0,62 %-nə bərabər olub.

Macarıstana ixracımız 3 dəfədən çox artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan və Macarıstan arasında ümumi dəyəri 26 milyon 654 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,37 % çoxdur.

Bu ilin 8 ayında Azərbaycanın Macarıstana ixracının dəyəri 1 milyon 315 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 3,4 dəfə çoxdur.

Azərbaycanın Macarıstandan idxalının dəyəri isə 25 milyon 340 min ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 3,19 % azdır.

Azərbaycanın Macarıstana ixracı ümumi ixracının 0,01 %-nə, Macarıstandan idxalı isə ümumi idxalının 0,34 %-nə bərabər olub.

Qeyd edək ki, 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında qərar qəbul edilib. 2011-ci ildə Türkdilli Dövlətlərin Biznes Şurası yaradılıb. Biznes Şurasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən təmsil edilir.

Quruma üzv dövlətlər arasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan isə müşahidəçi dövlət qismində təmsil onyur. Şuranın əsas məqsədləri eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaranmasıdır.

Hər il mütəmadi olaraq TDƏŞ-in iqtisadiyyat üzrə İşçi Qrupunun iclası və üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçirilir. İclaslarda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafı yolları barədə təkliflərin və üzv ölkələrin iqtisadi sahədə üzləşdiyi problemlərin müzakirəsi aparılır. 2012 və 2016-cı il tarixli iclaslar Azərbaycanda keçirilib.

Qeyd edək ki, hazırda TDƏŞ çərçivəsində Türk İnvestisiya Fondunun yaradılması ilə əlaqədar danışıqlar aparılır. TDƏŞ-in iqtisadiyyat nazirlərinin 10-cu və iqtisadiyyat üzrə işçi qrupunun 12-ci iclaslarının bu ilin 9-11 sentyabr 2021-ci il tarixlərində Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi