Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərə investisiya 2 dəfəyə yaxın artıb

Biznes
  • 23 sentyabr, 2023
  • 06:48
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərə investisiya 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşlarının iştirakı ilə Türkiyədə 184 şirkət yaradılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 % azdır.

“Report” bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi"nə (TOBB) istinadən xəbər verir.

Məlumata görə, bu il yaradılmış şirkətlərin 31-i (illik müqayisədə 11,4 % az) səhmdar cəmiyyət (SC), 153-ü isə (14,5 % az) məhdud məsuliyyətli cəmiyyət (MMC) formasındadır.

Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 210 milyon 096 min türk lirəsi (8 milyon 438 min ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 98,5 % çoxdur. Bunun 91 %-ni və yaxud 191 milyon 903 min türk lirəsini (7 milyon 676 min ABŞ dolları; 2,3 dəfə çox) sırf Azərbaycan vətəndaşları təmin edib.

Təkcə bu ilin avqust ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 33 şirkət (illik müqayisədə 22,2 % çox) yaradıb. Şirkətlərin 4-ü SC (20 % az), 29-u MMC (31,8 % çox) olub. Ümumi kapitalı 43 milyon 083 min türk lirəsi (1 milyon 753 min ABŞ dolları; 5,2 dəfə çox) olan ortaq şirkətlərin kapitalının 89,4 %-i və ya 39 milyon 200 min türk lirəsi (1 milyon 568 min ABŞ dolları; 5 dəfə çox) azərbaycanlılara məxsus olub.

1 lirə = 0,04 ABŞ dolları

Son xəbərlər

Bütün Xəbər Lenti