Teymur Nadiroğlu: "Uzunmüddətli perspektivdə Çin bazarının Azərbaycan üçün önəmi daha da artacaq"
- 11 may, 2023
- 13:54
Çində istehlak bazarında baş vermiş kiçilmə nəticəsində qısamüddətli perspektivdə Azərbaycanın bir sıra qida məhsulları bu ölkəyə ixracında müəyyən azalma müşahidə edilsə də, uzunmüddətli perspektivdə bu bazarın Azərbaycan üçün önəmi daha da artacaq.
Bunu “Report”a müsahibəsində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib.
“Düşünürəm ki, iki ölkə arasında ticarət həcminin, xüsusən də Azərbaycandan Çinə qeyri-neft məhsullarının ixracının artırılması üçün geniş perspektivlər mövcuddur”, - T.Nadiroğlu bildirib.
Ticarət nümayəndəsi vurğulayıb ki, Çinin Azərbaycanda istehsal olunan kimya sənayesinə aid məhsullara, xüsusən də polimerlərə olan tələbatı daha çoxdur.
Onun sözlərinə görə, Çin dünyanın istehsal mərkəzi olduğu üçün, burada xammala böyük tələbat var: “Bununla yanaşı, Azərbaycan pambığına da çinli şirkətlər tərəfindən maraq göstərilir”.
T.Nadiroğlu deyib ki, 2022-ci ildə Azərbaycanın Çin ilə ticarəti dövriyyəsi 2021-ci illə müqayisədə 23,5 % artaraq 2,159 milyard ABŞ dolları təşkil edib. Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır.
“Üç il ərzində Çində pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər COVID-19 xəstəliyinin geniş yayılmasının qarşısını alsa da, daxili istehlakın azalmasına da səbəb olub. Bu hal Azərbaycanın qida və içki məhsullarının bu ölkəyə ixracına da təsirsiz ötüşməyib. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, biz iqtisadi əlaqələrimizin genişləndirməsi istiqamətində səylərimizi davam etdiririk", - ticarət nümayəndəsi deyib.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür