Azərbaycan "yaşıl iqtisadiyyata" uğurlu keçid üçün əhəmiyyətli potensiala malikdir.
"Report" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Steffi Stallmeister "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 3-cü günündə çıxışı zamanı bildirib.
S.Stahlmeister təhsil və səhiyyə sistemində yeni çağırışların əhəmiyyətini vurğulayıb.
"Bu gün insan sağlamlığı əsas məsələlərdən biridir, çünki qeyri-yoluxucu xəstəliklərdən ölüm sayının artması müşahidə olunur, o cümlədən Azərbaycanda. Gender bərabərliyinə də diqqət yetirmək vacibdir. Ölkənin istehsalat sahəsində kişilər qadınlara nisbətən üstünlük təşkil edir ki, bu da davamlı inkişafa uğurlu keçid üçün düzəliş tələb edir", - deyə o qeyd edib.
Dünya Bankı həmçinin Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni iş yerlərinin, o cümlədən "yaşıl iş yerləri"nin yaradılmasına yönəlmiş proqramını dəstəkləyir. Bu yanaşma insan kapitalının inkişafına kömək edəcək və ekoloji cəhətdən davamlı iqtisadiyyata keçidi sürətləndirəcək.