Azərbaycan və Səudiyyə Ərəbistanı arasındakı imkanlar müştərək layihələrin həyata keçirilməsinə imkan yaradır.
"Report" xəbər verir ki, bunu Səudiyyə Palataları Federasiyasının İdarə Heyətinin sədri Həsən Əl-Huvaizi Azərbaycan-Səudiyyə Ərəbistanı Bigə İşgüzar Şuranın Bakıda keçirilən 5-ci iclasında bildirib.
O qeyd edib ki, bu imkanlardan sahibkarlar yararlanmalıdırlar: "Yeni yolların araşdırılması əməkdaşlığın inkişafına səbəb ola bilər. Azərbaycan Səudiyyə Ərəbistanı üçün ticarət və investisiya əlaqələrini genişləndirmək üçün mühüm ölkələrdəndir. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşməsi investisiya əlaqələrinin genişləndirməsi üçün əlavə imkanlar yaradır. Son illər ölkələrarası əməkdaşlıq inkişaf edib, infrastruktur, kənd təsərrüfatı, enerji layihələri reallaşdırılıb".
Tədbir çərçivəsində həmçinin, hər iki ölkənin iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin və layihələrin reallaşdırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına dair fikir mübadiləsi aparılıb, təqdimatlar və iş adamları arasında B2B görüşlər keçirilib.
Qeyd edək ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ildə yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu İşgüzar Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edir, iş adamları arasında informasiya mübadiləsini həyata keçirir.