Rusiyadan Azərbaycana qaçaqmal siqaret keçirilməsi cəhdinin qarşısı alınıb

Biznes
  • 04 fevral, 2017
  • 11:16
Rusiyadan Azərbaycana qaçaqmal siqaret keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı. 4 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qanunsuz yolla Azərbaycan ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. 

DGK-dən "Report"a daxil olan məlumata görə, Rusiya istiqamətindən İdarənin "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Rusiya vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 109 CDİ" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Yoxlama zamanı "Drakula" adlı kinoloji xidmət iti nəqliyyat vasitəsinin müxtəlif yerlərinə reaksiya verib. Yoxlama prosesində nəqliyyat vasitəsinin, eləcə də ona qoşulmuş qoşqunun gizli saxlanc yerlərindən 78 400 ədəd "Parliament" markalı, 9 600 ədəd "Marlboro" markalı olmaqla, cəmi 88 000 ədəd siqaret aşkar olunaraq götürülüb.