Rusiya Ticarət və Sənaye Palatası: "Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün böyük potensialı var"

Rusiya Ticarət və Sənaye Palatası: "Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün böyük potensialı var" Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün böyük potensialı var.
Biznes
5 Dekabr , 2024 19:34
Rusiya Ticarət və Sənaye Palatası: Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün böyük potensialı var

Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün böyük potensialı var.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının (TSP) Azərbaycandakı nümayəndəsi Mariya Suvorovskaya deyib.

“İlin əvvəlindən Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 12,4 % artıb. Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün böyük potensiala malikdir. Güclü infrastrukturu və nəqliyyat şəbəkələrinin inkişafına sərmayələr sayəsində ölkə özünün strateji üstünlüyünü möhkəmləndirir və qlobal iqtisadi xəritədə mühüm qovşağa çevrilir”, - M.Suvorovskaya bildirib.

Suzdalda “Ekologiya Kadrlar Dövlət - Məsuliyyətli Biznes Forumu” çərçivəsində keçirilən “Vladimir vilayətində Beynəlxalq Gün”də Rusiya biznesi ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət perspektivlərinə böyük diqqət yetirilib.

Tədbir iştirakçıları arasında Vladimir vilayətinin müəssisələrinin, eləcə də Azərbaycan və Türkiyədən peşəkar birliklərin və iri şirkətlərin nümayəndələri olub.

KİV-in məlumatına görə, Azərbaycan nümayəndə heyəti Vladimir vilayəti ilə əməkdaşlığı yüksək qiymətləndirib, Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. 2024-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 3,5 milyard ABŞ dolları təşkil edib.

Tədbirdə Azərbaycan şirkətləri yeni birgə layihələrin, o cümlədən kommersiya daşınmaz əmlakına investisiya yatırılmasına və ixrac tədarükünün inkişafının həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.

Vladimir vilayətinin Regional İxraca Dəstək Mərkəzi işgüzar əlaqələrin möhkəmləndirilməsinə fəal kömək edir. Mərkəzin rəhbəri İrina Muravyova qeyd edib ki, bu tədbir dialoq və uzunmüddətli əlaqələrin qurulması üçün unikal imkanlar yaradır: “Əminik ki, Azərbaycan istiqaməti şirkətlərimiz üçün mühüm inkişaf vektoruna çevriləcək. İlk razılaşmalar Bakıya işgüzar səfərimiz zamanı əldə olunub. Bu gün biz təkcə aparıcı ixracatçı müəssisələrimiz üçün deyil, həm də xarici bazarlara yeni çıxanlar üçün uzunmüddətli və sərfəli müqavilələrə arxalanaraq dialoqu davam etdiririk”.

Son xəbərlər

Orphus sistemi