“Özbəkistanın Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin (CERR) nümayəndələri Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) məxsus “Azexport” portalı, Rəqəmsal Ticarət Qovşağı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi təcrübələrini, eləcə də “ASAN xidmət”, “DOST” mərkəzi, elektron hökumətlə bağlı təcrübələri öyrənir”.
“Report” xəbər verir ki, bunu İİTKM-nın icraçı direktoru Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətinin rəhbəri Obid Hakimovla birgə keçirilən brifinqdə deyib.
“Bu istiqamətdə Azərbaycan və Özbəkistan nümayəndə heyətləri arasında bir sıra görüşlər keçirilib. Bu gün iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq uğurla davam edir. Azərbaycan Özbəkistanda geniş investisiya layihələri həyata keçirir. Eyni zamanda, Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatırmaq, quruculuq işlərində iştirak etməklə bağlı niyyətini bəyan edib”, - o qeyd edib.
V.Qasımlının sözlərinə görə, bu gün Azərbaycanla Özbəkistan arasında olan ticarət dövriyyəsi istənilən səviyyədə deyil “Bu ilin əvvəlindən Azərbaycanın Özbəkistana ixracının dəyəri 23,1 milyon ABŞ dolları, Özbəkistandan idxalının dəyəri isə 52 milyon ABŞ dolları olub. Gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsinin artması gözlənilir".
Xatırladaq ki, bu gün İİTKM ilə CERR arasında memorandum imzalanıb.