Orxan Məmmədov: "KOB-ların yaşıl transformasiya sahəsindəki problemləri universal xarakter daşıyır"

Orxan Məmmədov: "KOB-ların yaşıl transformasiya sahəsindəki problemləri universal xarakter daşıyır" KOB sektorunda yaşıl siyasət və strategiyaların geniş tətbiqi üçün kifayət qədər potensial mövcuddur.
Biznes
9 Sentyabr , 2024 11:52
Orxan Məmmədov: KOB-ların yaşıl transformasiya sahəsindəki problemləri universal xarakter daşıyır

KOB sektorunda “yaşıl siyasət” və strategiyaların geniş tətbiqi üçün kifayət qədər potensial mövcuddur.

"Report"xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, beynəlxalq inkişaf təşkilatları ilə birgə bu sahədə təhlillər aparılıb: "Nəticədə KOB-ların “yaşıl iqtisadiyyat”da rolunun artırılması istiqamətində qarşılaşdığı problemləri 3 qrupa bölmək olar.

Bunun birincisi məlumat və bilik çatışmazlığı, ikincisi potensial və bacarıqların aşağı olmasıdır. Sonuncu, üçüncü qrup isə maliyyə resurslarına çıxış imkanının məhdud olmasıdır”.

O qeyd edib ki, “Yaşıl konsepsiya”nın tətbiqi üzrə işlər davam edir: “Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrupu çərçivəsində həm yerli, həm də beynəlxalq müstəvidə ilk təcrübə olaraq Yaşıl Biznes standartının hazırlanması üzrə çalışırıq. KOBİA artıq bu ilin fevral ayından BMT-nin Qlobal Sazişinə üzv olub. Bu gün “ACWA Power” şirkəti ilə imzalayacağımız Anlaşma Memorandumu isə KOB-ların “yaşıl iqtisadiyyat”a keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur".

O. Məmmədov deyib ki, KOB-ların “yaşıl transformasiya” sahəsində qarşılaşdığı problemlər universal xarakter daşıyır: "Bu baxımdan, hazırkı tədbirin yaratdığı imkandan faydalanaraq qlobal təşəbbüs irəli sürmək istərdik. Bu təşəbbüs KOB-ların Yaşıl İqlim Keçidi üçün Bakı Koalisiya Bəyannaməsində əks olunub. Sənəd Preambula və Operativ Həll hissələrindən ibarətdir. İlk hissədə KOB-ların dünya iqtisadiyyatında mövcud rolu, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında əhəmiyyəti və müvafiq istiqamətdə qlobal resursların səfərbər edilməsinin vacibliyi məsələlərinə toxunulur. Operativ Həll hissəsində isə yuxarıda sadalanan KOB-ların qarşılaşdığı 3 əsas problemli sahələr üzrə fəaliyyət istiqamətləri təklif olunur”.

O vurğulayıb ki, sənəddə həmçinin, qlobal səviyyədə şəbəkələşmənin təmin edilməsi və institusional əlaqələndirmə platformasının təmin edilməsi üçün Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması təşəbbüsü irəli sürülür: “Hər bir ölkədə yaradıla biləcək sözügedən mərkəzlərin rolu milli səviyyədə KOB-ların ölkədə qarşılaşdığı spesifik problemlər barədə məlumatların toplanılması, təhlili və qlobal təcrübə nəzərə alaraq konkret addımların müəyyən edilməsindən, o cümlədən texniki, ekspert və digər dəstəyin təmin edilməsindən ibarət olacaq. Beləliklə, KOB-ların Yaşıl İqlim Keçidi üçün Bakı Koalisiya Bəyannaməsinin beynəlxalq səviyyədə qəbulu və KOB sektoru üzrə daha çox maraqlı tərəflərin qoşulması üçün İqtisadiyyat Nazirliyinin koordinasiyası ilə təşviq kompaniyası və əlaqələndirmə işləri aparmağa hazırıq. Bu baxımdan, Bəyannamənin COP-29 çərçivəsində dəstəklənməsi üçün onu məmnuniyyətlə COP29-un Prezidentliyinə təqdim etmək istərdik".

Son xəbərlər

Orphus sistemi