Halal sənaye sektorun gələcək inkişafında standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirmək lazımdır.
"Report" xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda keçirilən X Dünya Halal Sammitində bildirib.
O, halal sənayenin davamlı inkişafı üçün əməkdaşlığın və innovasiyaların vacibliyini qeyd edib. "Yaşıl texnologiyalar"ın tətbiqinin ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azalda biləcəyini bildirən KOBİA sədri Agentliyin "yaşıl təşəbbüslər"i və sahibkarlara dəstək alətləri barədə də məlumat verib.
Qeyd edək ki, KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub. Sərgilərdə ümumilikdə 20-yə yaxın yerli sahibkarın məhsul və xidmətləri nümayiş olunub. KOBİA-nın müvafiq sərgilərdə qurduğu xüsusi stendlərdə qida, sənaye, alternativ və bərpa olunan enerji, parfümeriya sahələrində məhsullar və xidmətlər sərgilənib. Həmçinin, stendlərdə KOBİA və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, sahibkarlara göstərilən dəstək və xidmətlərə dair məlumat verilib. Türkiyənin ticarət naziri Ömər Bolat və Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev stendləri ziyarət ediblər.