İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Naxçıvan Muxtar Respublikasından Efiopiyaya qənnadı məhsullarının ixracı üçün sərbəst satış sertifikatı ("Certificate of Free Sale") verib.
"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.
Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, son vaxtlar sərbəst satış sertifikatına dair müraciətlərin sayında artım var. Müraciətlər əsasən qida məhsullarının ixracı ilə bağlıdır. Beynəlxalq bazarlarda bu sertifikatı tələb edən şirkətlərin sayı sürətlə artır. “Azexport”un təqdim etdiyi növbəti sertifikatlar vasitəsilə Naxçıvanda istehsal olunan qənnadı məhsullarının Efiopiyaya ixracı nəzərdə tutulub. Bundan əvvəl də həmin bazara un məmulatlarının ixracı üçün sərbəst satış sertifikatı verilib.
Sərbəst satış sertifikatı ölkə Prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına uyğun təqdim olunur, ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyir.
Ümumilikdə, 2018-ci ilin aprel ayından 2024-cü ilin noyabr ayına kimi 746 adda məhsula sərbəst satış sertifikatı verilib. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinliklər yaranmış 100-dən artıq Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkəsinə ixracını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az saytı vasitəsilə müraciət edə bilərlər.