Milli Məclis daha 2 qanun layihəsini I oxunuşda təsdiqləyib
- 23 fevral, 2018
- 10:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Milli Məclis yenidən işlənib hazırlanan “Standartlaşdırma haqqında” qanun layihəsini müzakirə edərək I oxunuşda təsdiqləyib.
"Report"un verdiyi xəbərə görə, qanun layihəsi standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəliyyətinin hüquqi əsaslarını müəyyən edir.
Layihəyə əsasən, bu qanun standartlaşdırma sahəsində əlaqələri tənzimləyir və bu sahədə fəaliyyət göstərən bütün dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə şamil olunur. “Bu qanunun müddəaları malın (işin, xidmətin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsinə, həmin məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara, eləcə də bu normativ hüquqi aktlar üzrə aparılan məcburi uyğunluğun qiymətləndirilməsi məsələlərinə şamil edilmir. Bu qanun təhsil, dövlətin müdafiəsi, təhlükəsizliyi, insanların həyat və sağlamlığını, təhlükəsizliyi ilə bağlı məcburi standartlara şamil edilmir.
Qanun layihəsinə əsasən, dövlət standartlarının hazırlanması işlərinin planlaşdırılması milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən 3 illik milli standartlaşdırma proqramı formasında həyata keçiriləcək. Standartlaşdırma üzrə milli proqram standartlaşdırma ilə əlaqəli olan normativ hüquqi aktların, texniki reqlamentlərin tələbləri, standartlaşdırma üzrə texniki komitələrin iş planları nəzərə alınmaqla hazırlanacaq. Milli standartlaşdırma proqramının forması, formalaşdırma prosedurları, onlarda dəyişikliklərin edilməsi qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.
Layihədə deyilir ki, dövlət standartları AZS nişanı ilə nişanlanacaq. Qanun dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minəcək.
Bundan başqa, bu gün parlamentdə “Texniki təznimləmə haqqında” yeni qanun layihəsi müzakirə olunaraq I oxunuşda təsdiqlənib.
Qanunda bildirilir ki, texniki tənzimləmə sahəsində dövlətin vəzifələri texniki tənzimləmədə dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi, texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsidir, texniki tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığın təmin edilməsi, texniki reqlamentlərin qəbul edilməsi və təkmilləşdirilməsi, texniki reqlamentlərin tələblərinə əməl edilməsinə nəzarət tədbirlərinin təşkil edilməsi və həmin tələblərə əməl etməyə təsərrüfat subyektlərinə qarşı məsuliyyət tədbirlərinin tətbiq olunması, bu qanunun və texniki reqlamentlərin tələblərinə cavab verməyən mallların dövriyyədən çıxarılması məqsədilə qanunla müəyyən edilmiş tədbirlırin görülməsi, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyanın aparılmasını təşkil edilməsi və akkreditə edilmiş uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə nəzarətin həyata keçirilməsidir.
Qanunun müddəaları siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına, habelə həmin mallların, onlarla əlaqəli istehsal proseslərinin və metodlarının uyğunluğunun qiymətləndirilməsi üzrə fəaliyyətə şamil edilir. Qanunun müddəaları, malların terminologiya, simvol, qablaşdırma, etiketləşdirmə, istismar, saxlama, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair məcburi tələblərin təmin olunması üzrə fəaliyyətə şamil edilir.
Qanun insanları istehlak nəticəsində sağlamlığa təhlükə törədə bilən qida məhsulllarından, heyvan və insanlar üçün ümumi xəstəliklərdən, ətraf mühiti, o cümlədən bitki və bitkiçilik məhsulllarını zərərli orqanizmlərdən, heyvanları heyvan xəstəliklərindən və ya təhlükə törədə bilən yem və yem əlavələrindən qorumaq məqsədilə məhsulllara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilən məcburi tələblərə şamil edilmir.
İstehlak bazarlarında texniki reqamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Qanunun və texniki reqlamentlərin tələblərin pozan şəxsləri İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə və Mülki Məcəlləyə uyğun məsuliyyət daşıyırlar.
Qanunun şamil edildiyi malllara, onlarla əlaqəli proseslərə və istehsal metodalrına dair texniki reqlamentlər bu qanunun qüvvəyə mindikdən sonra 7 il ərzində bu qanuna uyğun olaraq mərhələrlə işlənib hazırlanmalı, qəbul edilməlidir. Qanun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.
Milli Məclisin sədri Oqtay Əsədov iki qanun layihəsinin bir-birindən asılı təqdim olunmasına etiraz edib: "Qanun sərbəst işləməlidir. Bir-birindən asılı olmamalıdır. İkisi də vacidbdir. Qanun layihələrini II oxunuşa elə hazırlayın ki, qanunvericlik səviyyəsində olsun. Bu qanunlar ayrılıqda işləyə bilsin, yaxud da birləşdirib bir qanun layihəsi halına salın".