Azərbaycanın gündəliyi karbonsuzlaşma prosesində fiskal alətlərin rolunu dəyərləndirməkdir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.
"Bir sıra nüfuzlu beynəlxalq təşkilatların, habelə Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) üzv ölkələrin nümayəndələri ilə bu barədə müzakirələr aparmaq bizim üçün səmərəli olacaq", - deyə o qeyd edib.
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyində yer alan əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdır. İqlim maliyyəsində mövcud olan boşluqların aradan qaldırılmasında bu Fond mühüm rol oynaya bilər. Fondun kapitalını əsasən qalıq yanacaq istehsal edən ölkələr, eləcə də neft, qaz və kömür hasilatı ilə məşğul olan şirkətlərin təmin etməsi nəzərdə tutulur. Fondun əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə, eləcə də kiçik ada ölkələrində iqlim fəaliyyətinə investisiya yatırmaqla yanaşı, qalıq yanacaq ehtiyatlarına malik ölkələrin və bu sektorda fəaliyyət göstərən müəssisələrin "yaşıl keçid"ə olan töhfələrini artırmaqdır", - deyə nazir əlavə edib.