Mənzil alarkən nələrə diqqət etməliyik?

Mənzil alarkən nələrə diqqət etməliyik? Həyatımızda xüsusi diqqət edilməli prosedurlardan biri də yeni mənzil almaqdır. Çünki bu da ailə qurmaq kimi vacib qərarlardan biridir.
Biznes
10 Yanvar , 2023 11:01
Mənzil alarkən nələrə diqqət etməliyik?

Həyatımızda xüsusi diqqət edilməli prosedurlardan biri də yeni mənzil almaqdır. Çünki bu da ailə qurmaq kimi vacib qərarlardan biridir.

Mənzil alarkən vətəndaşlarımızın aldadılması hallarına tez-tez rast gəlinir. Bəzən mənzil satılır, bir müddət sonra onun divar kağızları tökülməyə başlayır, yaxud boru xətlərində problemlər ortaya çıxır, yaxud qışda mənzilin qızdırılması, yayda soyudulması ilə bağlı çətinliklər və digər xoşagəlməz hallar yaşanır. Mənzil alqı-satqısı zamanı hüquqi məsələlərlə də bağlı kifayət qədər problem ortaya çıxır. Hətta bir dövrlər ölkədə bir mənzilin fırıldaqçılıq yolu ilə bir neçə şəxsə satılması halları da geniş yayılmışdı. Bu cür problemlərlə qarşılaşmamaq üçün nə edək?

“Report” bu sual ətrafında Azərbaycan Qiymətləndiriclər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucla müsahibəni təqdim edir:

- Mənzil alarkən aldanmamaq və sonradan problemlərlə üzləşməmək üçün ilk növbədə hansı məsələlərə diqqət edilməlidir?

- Bir binadan mənzil alarkən ilk növbədə həmin binanın sakinlərinin bina və ərazi barədə rəylərini müəyyən etmək lazımdır. İlkin məlumat həmin binanın ətrafında yaşayanlardan və rieltorlardan əldə edilməlidir.

Xaricdə mənzil almaq istəyənlər konsaltinq şirkətləri ilə məsləhətləşmə aparır. Həmin şirkətdə tikilinin keçmiş və indiki problemləri, qanuniliyi barədə məlumatlar olur. Daşınmaz əmlak şirkətləri də vətəndaşlara bu istiqamətlərdə yardım göstərir. Onlar hansı binadan mənzil seçməyin daha əlverişli olması, vətəndaşın zövqünə, yaşayış parametrlərinə uyğun olması, infrastruktur və nəqliyyat əlçatanlığı baxımından məqsədəuyğunluğu barədə məsləhətlər verir.

Mənzil alarkən həmin ərazidəki yollarda tıxacların olub-olmaması da nəzərə alınmalıdır. Həmin şirkətlər mənzil alanlara bildirir ki, hansı ərazidən mənzil alsalar, öz iş yerlərinə daha rahat gedib-gələ bilərlər. Onlar müxtəlif binaların yerləşdiyi ərazilərdə infrastrukturun yaratdığı faydalarla bağlı vətəndaşları bilgiləndirir.

Azərbaycanda isə bu məsələlərlə bağlı rieltorlardan, ərazini tanıyanlardan, o cümlədən qiymətləndirmə şirkətlərindən rəy almaq olar. Binanın keyfiyyəti, tikinti zamanı istifadə olunan materialların uyğunluğu, keyfiyyət şkalası, hüquqi prosedurlar baxımından binanın sahibinin problemli olub-olmaması, digər binalarla bu binanın sakinləri arasında hansısa probleminin olub-olmaması kimi məsələlər araşdırıldıqdan sonra həmin binadan mənzil alınmasına qərar verilə bilər. İlk növbədə isə binanın yerləşdiyi yer, ətrafında lazımi sosial obyektlərin, məktəbin, poliklinikanın, baxçanın, əyləncə mərkəzinin, marketin olması, eyni zamanda ərazinin lazım olduqda təcili yardım maşınının tez gələ bilməsi üçün əlverişli olması kimi məsələlər nəzərə alınmalıdır.

- Bəs binanın daxili hissəsi ilə bağlı hansı məsələlər əsas götürülməlidir?

- Mənzil Tikinti Kooperativlərindən (MTK) mənzil alarkən dəhlizlərin yerləşməsinə diqqət etmək lazımdır. Çox zaman bir mərtəbədə daha çox mənzilin yerləşdirilməsi üçün dəhlizə xeyli qənaət edilir. Bu da görünüşü korlayır. Bir girişdə daha az mənzilin olması daha elit səciyyə daşıyır. Bu onu göstərir ki, orda qonşuların bir-biri ilə təması və problemlərin yaranması ehtimalı daha az olacaq. Bir dəhlizdə 5-8 mənzilin olduğu yataqxana tipli binalardan mənzil almaq məqsədəuyğun deyil. Binaların liftlərinin də olmasına baxmaq lazımdır. Binada ən azı bir yük və sərnişin lifti mütləq olmalıdır. Liftlərin sayının üç olması isə daha elit hesab olunur.

Köhnə tikililərdə müəyyən layihələrə uyğun tətbiq edilmiş standartlar var. Bu binalarda köməkçi və əsas yaşayış sahələrinin yerləşməsi konkret plana uyğun tikilib. Mənzil sahibləri bəzən daxili planlamada dəyişiklik aparırlar. Hazırda köhnə tikililərin komfort və standartlar baxımından məqsədəuyğun olduğunu deyə bilmərəm. Yaxşı olar ki, insanlar daha az aşınmış, daha çox keyfiyyətli və müasir standartlara cavab verən binalardan mənzil alsınlar.

Köhnə tikililərdə daha çox “Leninqrad” layihəli mənzilləri əlverişli hesab edə bilərik. Bu mənzillər həm daxili planlamasına görə daha uyğundur, həm də keyfiyyətinə görə digərlərindən fərqlənir.

- Təəssüf ki, bəzən vətəndaş mənzil alır, ora köçür, bir neçə ay yaşadıqdan sonra məlum olur ki, bu mənzilin təmiri və ya su və kanalizasiya xətləri ilə bağlı problemləri var.

- Bəli. Hansısa mənzili satışa çıxaran zaman o kosmetik təmir edilir ki, daha baxımlı olsun. Çox zaman bu kosmetik təmirin altında xeyli problem olur. Mənzilin yeni sahibi ancaq onu alandan sonra bu problemlərdən xəbər tutur. İlk baxışda isə bunları görmür. Çalışmaq lazımdır ki, mənzil almazdan öncə detallı araşdırılsın, mütəxəssislərlə məsləhətləşmələr aparılsın. Çünki təmirin özünün müxtəlif standartları var. Çox zaman gözoxşayan təmir o qədər də keyfiyyətli materiallardan olmur.

Mənzil alarkən onun isidilməsi məsələsinə diqqət etmək çox vacibdir. Mənzildə istilik avadanlıqlarının keyfiyyətli və işlək olması yoxlanılmalıdır. İzolyasiya məsələlərinə görə ən üst mərtəbələrdən mənzil almaq sərfəli olmur. Yeni tikililərdən mənzil alanlar ucuz olduğuna görə mansarda üz tuturlar. Amma mansardda izolyasiya problemi olur və qışda soyuq hava, yayda isə isti hava mənzilin daxilinə keçir.

Köhnə tikililərdə isə alt mərtəbələrdən mənzil almaq sərf eləmir. Çünki həmin binaların çoxunun zirzəmisi var və uzun illər istifadə olunduğuna görə bu zirzəmidə vəziyyət ürək açan deyil. Köhnə tikililərin birinci mərtəbəsindən mənzil almaq əksər hallarda problemə səbəb olur. Bu mənzillərdən bir çox hallarda kanalizasiya probleminə görə pis qoxu gəlir. Belə mənzilləri alanda su və kanalizasiya borularının keyfiyyətli olmasını öyrənmək lazımdır. Digər tərəfdən aşağı mərtəbə olduğu üçün binanın həyətindəki səslər mənzildə eşidilir. Ümumiyyətlə mənzilə daxil olanda onun içindəki qoxu normal təsir bağışlayırsa, həmin mənzili almaq barədə düşünmək olar.

- Bir qədər də təmirsiz və planı dəyişdirilmiş mənzillər barədə məlumat verərdiniz.

- Vətəndaşlarımız “pod mayak” adlandırılan təmirsiz mənzillərə daha çox üstünlük verir. Bu mənzillərdə sistemin yenidən qurulması, daxili planlamanın yenidən təşkili, ara divarlarının müəyyən qisminin sıradan çıxarılıb vətəndaşın öz zövqünə uyğun qurulması daha əlverişlidir. Odur ki, maddi imkan varsa, bu cür təmirsiz mənzil alıb şəxsi zövqə uyğun və keyfiyyətli vasitələrlə təmir etdirmək daha yaxşıdır.

Mənzilin planının dəyişdirilməsi isə onun bazar qiymətini artırır. Məsələn, iki otaqlı mənzil üç otağa düzəldilirsə, deməli ona əlavə xərc qoyulur. Alıcı da çox uşaqlı ailəyə sahibdirsə, iki yox, üç otaq əldə edəcəyini düşünür. Amma köhnə tikililərdə planlama variantı dəyişdirilərək yaradılmış yeni otaqlar komfortlu deyil. Köhnə binalarda mənzilin sahəsi çox kiçik olur ki, bu da bir çox hallarda otaqlardan birinin pəncərəsiz olmasına səbəb olur. Belə otaqlarda yaşamaq sağlamlıq üçün ziyanlıdır. Əslində həmin mənzil bazara baha çıxarılır, amma alıcı ciddi problemlərlə üzləşə bilər. Kiməsə üç otaq lazımdırsa, daha yaxşı olar ki, planı dəyişdirilmiş yox, məhz üç otaqlı mənzil əldə etsin. Çünki belə mənzillərdə, məsələn, eyvan sahəsi otağa birləşdirilir. Bu, otağı genişləndirsə də, mənzili eyvansız qoyur. Əgər bir hissə hesabına mənzil genişləndirilirsə, digər sahədən məhrum olur. İnkişaf etmiş cəmiyyətlərdə bu məsələlərlə bağlı qərarlar konsaltinq şirkətinin dəstəyi ilə verilir.

- Mənzil alarkən hüquqi məsələlərlə bağlı nələrə diqqət etmək lazımdır?

- Yaxşı olar ki, daha çox çıxarışı olan mənzillər alınsın. Müqavilə ilə alınan mənzillərin sonradan problemlə üzləşmə ehtimalları olur. Sənədləşməyə diqqət etmək lazımdır. Digər tərəfdən, mənzil alqı-satqısında mütləq mülkiyyətçi ilə təmas qurulmalı və bütün prosedur və danışıqlar mülkiyyətçi ilə aparılmalıdır. Problemli bina və MTK-lardan uzaq durulmalıdır.

Günümüzdə hüquqi cəhətdən sənədlərin həqiqətə uyğunluğunu, çıxarışların kimə məxsus olduğunu, mənzil sahəsinin nə qədər olduğunu elektron sistem vasitəsilə müəyyən etmək olur. Bu baxımdan indi vətəndaşları aldatmaq yalnız onların təcrübəsizliyindən irəli gələ bilər. Buna görə də insanlar mənzil alarkən konsaltinq şirkətlərinə və ya təcrübəli bir şəxsə müraciət etməlidirlər.

Son xəbərlər

Orphus sistemi