“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask “Forbes” jurnalının planetin ən varlı insanları reytinqindəki liderliyini itirib. Bununla belə, “Bloomberg” agentliyi tərəfindən hesablanan “Bloomberg Billionaires Index”də (BBI) liderliyini qoruyub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, “Forbes Real-Time”ın məlumatına görə, Maskın sərvəti bir günə 13,5 milyard ABŞ dolları azalaraq 176,2 milyard ABŞ dollarına düşüb. O, reytinqdəki liderliyini sərvəti 182,1 milyard ABŞ dolları olaraq qiymətləndirilən “Amazon”un qurucusu Ceff Bezosa verib.
Qeyd edək ki, dünən ABŞ-ın əsas fond indeksləri azalıb, “Tesla”nın səhmləri isə 7,8% azalaraq bir səhm üçün 811,19 ABŞ dolları səviyyəsinə düşüb. Bu isə Maskın rifahının əsasını təşkil edən amildir.
“Forbes” reytinqində ilk beşlikdə həmçinin “Louis Vuitton Moët Hennessy”nin prezidenti Bernar Arno (154,6 milyard ABŞ dolları), “Microsoft”un qurucusu Bill Geyts (121,4 milyard ABŞ dolları), “Facebook” qurucusu Mark Tsukerberq (94 milyard ABŞ dolları) qərarlaşıb.
Eyni zamanda, BBI Maskın sərvətini 194 milyard ABŞ dolları (gündəlik azalma 15,6 milyard ABŞ dolları), Bezosun sərvətini isə 183 milyard ABŞ dolları (azalma 3,65 milyard ABŞ dolları) olaraq qiymətləndirib. Biznesmenlər reytinqdə müvafiq olaraq birinci və ikinci yerləri tutublar.