İİTKM rəhbəri: "TDT iqtisadi potensialı yeni maliyyə alətləri ilə reallaşdırılacaq"
- 16 sentyabr, 2026
- 10:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi potensialı yeni nəsil maliyyə alətləri ilə reallaşdırılacaq.
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.
O qeyd edib ki, Türkiyədə 1 milyon ABŞ dolları həcmində əlavə son tələbat həmin ölkədə 1,58 milyon ABŞ dolları dəyərində iqtisadi istehsalın yaranmasına gətirib çıxarıb: "Eyni zamanda, Türkiyədəki əlavə son tələbatın Macarıstan və Qazaxıstan kimi digər Türk dünyası dövlətlərinə təsiri statistik baxımdan əhəmiyyətli hesab olunur. Bu kontekstdə belə qənaətə gəlirik ki, Türk dövlətləri arasında istehsal və ticarət bağlarının möhkəmləndirilməsi regional multiplikator effektlərini və iqtisadi dividendləri daha da artıracaq".
İİTKM rəhbəri Orta Dəhliz və logistika sahəsindəki dinamikaya da toxunaraq mühüm statistik göstəriciləri diqqətə çatdırıb: "Xəzər dənizi üzərindən quru yük daşınmalarında 34 %, Şərq-Qərb istiqamətində dəmir yolu tranzitində 12 %, Bakı Limanında konteyner aşırılmasında isə 15 % artım qeydə alınıb. Orta Dəhlizin davamlılıq indeksinin Azərbaycan seqmenti 1 üzərindən təqribən 0,5 səviyyəsindədir. Bu onu göstərir ki, bir tərəfdən davamlılıq üçün möhkəm bazamız mövcuddur, digər tərəfdən isə infrastrukturun təkmilləşdirilməsi, İpək Yolu, Orta Dəhliz və Türk qurşağının rəqəmsallaşdırılmasının təmin olunması, vahid tariflərlə "tək pəncərə" sisteminin formalaşdırılması üçün geniş imkanlar var".
Regionun maliyyə potensialını da dəyərləndirən V.Qasımlı əlavə edib ki, TDT ölkələrinin qlobal ÜDM-dəki payı 2 % təşkil etdiyi halda, qlobal bank aktivlərindəki payı cəmi 0,8 %-dir: "Bununla yanaşı, daxili yığımlar qlobal göstəricinin 2,3 %-nə bərabərdir. Beləliklə, bu təhlildən irəli gələn əsas nəticə budur ki, başlıca çağırış TDT regionunun iqtisadi və yığım potensialını yeni nəsil maliyyə həlləri ilə səfərbər etmək və onu məhsuldar investisiyalara, dayanıqlı inkişafa yönləndirməkdir. Yeni nəsil maliyyə alətləri dedikdə tokenizasiya, rəqəmsal reyestr texnologiyası (blokçeyn), İslam maliyyəsi, süni intellekt və digər innovativ vasitələr nəzərdə tutulur".