İslam İnkişaf Bankı indiyədək Azərbaycan iqtisadiyyatına 1,2 mlrd. dollara yaxın investisiya qoyub

İslam İnkişaf Bankı indiyədək Azərbaycan iqtisadiyyatına 1,2 mlrd. dollara yaxın investisiya qoyub Bakı. 15 sentyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Zamir İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Biznes
15 Sentyabr , 2018 10:58
İslam İnkişaf Bankı indiyədək Azərbaycan iqtisadiyyatına 1,2 mlrd. dollara yaxın investisiya qoyub

Bakı. 15 sentyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Zamir İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə nazir Azərbaycanın İslam İnkişaf Bankı və İİB Qrupuna daxil olan institutlar ilə əməkdaşlığa önəm verdiyini, bankın özəl sektorun inkişafı istiqamətində Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.

Qeyd olunub ki, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 40-dan çox layihə çərçivəsində 1,2 mlrd. ABŞ dollarına yaxın investisiya qoyulub və bu layihələr kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı, ekologiya, ticarət, özəl sektor və s. sahələri əhatə edir. 

Ş.Mustafayev Azərbaycanın İslam İnkişaf Bankı ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, bankın Azərbaycanda özəl sektora investisiya yatırılması, müəssisələrin birbaşa maliyyələşdirilməsi, səhm kapitalında iştirak kimi sahələrdə fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini, eləcə də kənd təsərrüfatı, sənaye parkları və zonaları, maşın və avadanlıqların istehsalı, kimya sənayesi, əczaçılıq kimi prioritet sahələrdə investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarını vurğulayıb.

İslam İnkişaf Bankının vitse-prezidenti Azərbaycana səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. Zamir İqbal İslam İnkişaf Bankının 500 mln.dollar nizamnamə kapitalı olan Elm, Texnologiyalar və İnnovasiyalar Fondu barədə məlumat verərək qeyd edib ki, fond banka üzv ölkələrdə elmin, texnologiyanın və innovasiyaların təşviqinə, startapların, kiçik və orta sahibkarlığın inkişafına dəstək verir. 

Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşən Z. İqbal qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi