GIZ Azərbaycanda müəssisələr üçün rəqəmsal təlim imkanı təqdim edir
- 07 oktyabr, 2021
- 09:52
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) hazırda Azərbaycanda özəl sektorun və peşə təhsilinin inkişafı, əhalinin həssas qruplarının iqtisadi və sosial inteqrasiyası, təbii resursların idarə olunması və kənd yerlərində dayanıqlı inkişaf sahələri üzrə layihələr həyata keçirir.
Bunu “Report”a cari layihələr haqqında danışarkən GIZ-dən məlumat veriblər.
Bundan əlavə, Cənubi Qafqazda məcburi köçkünlərin və əhalinin həssas təbəqələrinin iqtisadi və sosial inteqrasiyasına yönəlmiş layihə gənclərə peşə seçiminin yönləndirilməsi və dəstək verilməsi üçün yerli karyera mərkəzlərinin yaradılmasını dəstəkləyir.
“Bundan əlavə, hazırda şirkət Quba və Masallı rayonlarında, habelə Gəncə şəhərində elektron xidmətlərin göstərilməsi portalının tətbiqi üzrə tərəfdaşlara dəstək göstərir”, - GIZ-dən əlavə ediblər.
Ümumilikdə, peşə təlimi çərçivəsində GIZ kiçik və orta sahibkarlıq subyektləri üçün rəqəmsal təlim imkanları təqdim etməklə turizm və nəqliyyat sahələrində fəaliyyət göstərən tərəfdaşlara dəstək verir.
“Biz, gəlir əldə edilməsi (məşğulluq və şirkətlərin yaradılması) imkanlarının artırılması ilə bağlı xüsusi yanaşmaların işlənib hazırlanması, o cümlədən, məcburi köçkünlər, qadınlar, gənclər, fiziki məhdudiyyəti olan şəxslər kimi xüsusi həssas əhali qrupları üçün mümkün onlayn təlimlərin keçirilməsi ilə bağlı məsləhətlər veririk”, - cəmiyyətdən deyiblər.
“Bundan başqa, biz, regionlar səviyyəsində idarəetmənin rəqəmsallaşdırılması üzrə pilot layihələri dəstəkləyirik. Gələcəkdə vətəndaşlar informasiyanı elektron portal vasitəsilə asan və şəffaf şəkildə əldə etmək imkanına malik olmalıdırlar”, - GIZ-dən bildiriblər.