İkinci Qarabağ müharibəsi dövründə feyk informasiyalarla aparılan mübarizə göstərdi ki, bunun tək yolu həqiqəti tam əks etdirən, dəqiq xəbərləri təqdim etməkdir.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Həştərxanda keçirilən “Xəzər regionunun gələcəyi: gənclik ölçüsü” mövzusuna həsr edilmiş VII Xəzər Media Forumu çərçivəsində “Xəzər regionunun media gündəliyi: Lokal, yoxsa qlobal?” panelində çıxışı zamanı deyib.
F.Hüseynəliyev Vətən müharibəsi zamanı müşahidə etdiklərini bir nümunə kimi təqdim edib: “Biz bu halla (feyk informasiyalarla - Red) iki il əvvəl ölkəmizdə Vətən müharibəsi zamanı rastlaşdıq. Həmin dövrdə Qərb mətbuatında çoxlu sayda feyk, birtərəfli mövqe nümayiş etdirən xəbərlər dərc olunurdu. Bizim hökumətimiz həmin vaxt bu xəbərləri bloklamaq əvəzinə, onlara cavab olaraq həqiqəti əks etdirən xəbərlər hazırlamağı üstün tutdu. Bu vəziyyətdə qabaqcıl rolu təbii ki, ölkə başçısı İlham Əliyev oynadı.
O, müharibənin davam etdiyi müddət ərzində tamamilə fərqli oxuyucuları olan KİV-lərdə 30-dan çox müsahibə verdi. Həmin müsahibələrdə, xüsusilə də Qərb KİV-lərinin təmsilçilərinin münaqişəyə heç bir aidiyyəti olmayan, Azərbaycan xalqını qıcıqlandıra biləcək, müxtəlif mövzularda sualları olurdu. Həmin suallara da ölkə başçısı tam dəqiq, sərrast cavablar verirdi. Bir çox hallarda biz görürdük ki, həmin jurnalistlər aldıqları cavabdan heyrətə gələrək üzr istəyirdilər.
Məhz buna görə mən hesab edirəm ki, feyklərlə mübarizə üçün həqiqəti tam əks etdirən, dəqiq xəbərləri təqdim etmək mütləqdir. Xəzəryanı ölkələrin media mühitinə gəlincə, məncə, aramızda müəyyən əməkdaşlıq olmalıdır ki, xəbərlər məhz birinci mənbədən verilsin”.
F. Hüseynəliyev informasiya texnologiyalarının inkişafına nəzər salaraq bildirib ki, əlində smartfon olan və sosial şəbəkədə aktiv profili olan istənilən bir şəxs özlüyündə xəbər generatoruna çevrilir:
"Belə xəbərlər nə qədər tələbata uyğundur, nə qədər həqiqəti əks etdirir? Bu cür şəxsləri müvafiq suallar ümumiyyətlə narahat etmir. Eşitdiyi hər sözü, çəkdiyi hər videonu sosial şəbəkədə yerləşdirən kimi belə informasiyalar virus kimi yayılmağa başlayır. Əgər yayılma sahəsi həmin şəxsin dostları, izləyiciləri səviyyəsində olsaydı, yenə də bunu başa düşmək olardı.
Təəssüf ki, informasiya portalları, xəbər saytları da belə təsdiqlənməmiş informasiyaları dərc edirlər. O zaman bu problem daha böyük miqyas alır. Mənə elə gəlir ki, bu vəziyyətdə istənilən xəbərin həqiqiliyini yoxlamaq imkanı olan KİV-lərin vəzifəsi daha da böyüyür. Lokallığa və ya qloballığa nəzər salsaq, mənə elə gəlir ki, bir xəbəri hansısa mühitdə saxlamaq, yayılmasının qarşısını almaq mümkün deyil. Yəni, bloklamaqla həqiqəti əks etdirməyən xəbərin qarşısını almaq olmaz. Bunun bir çıxış yolu var – doğru xəbəri hazırlayıb, qarşısına çıxarmaq”.
Rusiyanın “Xəzər bülleteni” analitik portalının baş redaktoru Vladislav Kondratyev öz çıxışı zamanı bildirib ki, çalışdığı KİV-də xəbərləri birinci mənbədən əldə etməyə çalışırlar: "Bu Azərbaycan tərəfindən AZƏRTAC və “Report” informasiya agentlikləridir. O bildirib ki, analitik xəbərlərin hazırlanması baxımından bu ölkələr arasında beştərəfli əlaqələr qurulmalıdır".
Qazaxıstanın “Caspian News” telekanalının şef-redaktoru Aliya Jamatova bildirib ki, onların ən böyük qayğısı Xəzər problemləri ilə bağlı ekspertlərin çatışmazlığıdır. Buna görə də o, Xəzəryanı ölkələrin media nümayəndələrinə ekspertlərin siyahısının mübadiləsini təklif edib. A.Jamatova beş ölkədən olan politoloq, sosioloq, ekoloqların onların telekanalında işıqlandırılmasını arzuladığını bildirib.
Politoloq, “Cənubi Qafqaz” politologiya klubunun rəhbəri, “Xəzərin geosiyasəti” kitabının müəllifi İlqar Vəlizadə çıxışında ilk növbədə Xəzəryanı ölkələr anlayışının nəyi ehtiva etdiyinə toxunub:
“Xəzərin sərhədləri boyunca ərazini nəzərə alsaq, bu təxminən 1 000 kv.km-ə yaxın ərazi edəcək. Bunun 40 %-ini dəniz özü, digər hissələri isə quru ərazilər əhatə edir. Bu regionda 18 milyona yaxın insan yaşayır ki, böyük faizi Azərbaycanın payına düşür. Bu regionun istənilən bir hissəsində baş verən hadisələr digər ölkələr üçün də maraq kəsb edir. Buna görə biz regional birlikdən danışa bilərik. Belə mövzular arasında logistika, enerji və ekoloji problemlər daha böyük aktuallıq təşkil edir”.
Qazaxıstanın "zona.kz" siyasi saytının rəhbəri Vladislav Yurusin ölkəsində Qərb fondlarının mediaya pullar ayırmasından, bunun nəticəsində də medianın onların maraqlarına uyğun çalışmasından şikayətlənib: "Bu hal Rusiya ilə münasibətlərə də ciddi təsir göstərib. Qazaxıstan ərazisində yalnız Böyük Britaniyadan 80-dən çox fond fəaliyyət göstərir. Həmin fondların daha çox gənclərə təsiri narahatlıq doğurur".
“Report” İnformasiya Agentliyinin direktoru F.Hüseynəliyev isə Azərbaycanda heç bir Qərb fondunun fəaliyyət göstərmədiyini bildirib:
“Qərb fondları Azərbaycanda fəaliyyət göstərmir, ona görə də yerli informasiya sahəsinə təsirləri yoxdur. Mən bunu ilk növbədə 2020-ci ildə nəhayət, silah gücü ilə həll etdiyimiz Qarabağ münaqişəsi ilə əlaqələndirirəm. Qərb fondları bizdən dəstək almayıb, çünki onlar daim Ermənistan tərəfini dəstəkləyirdilər. Bizim üçün bu, qəbuledilməzdir. Azərbaycanın ərazi bütövlüyü qırmızı xətdir və buna qarşı çıxan hər kəs bizim üçün mütləq düşməndir. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizdə Qərb fondları işləməyə çalışırdı. Bununla belə, həm xalq, həm də hökumət həmin fondların öz əsl məqsədlərinin cəmiyyəti torpaqların mümkün təsliminə hazırlamaq olduğunu anladı”.
Politoloq İlqar Vəlizadə də Qərb fondları ilə bağlı mövzuya toxunub. O qeyd edib ki, “Ərəb baharı”ndan sonra belə fondlar Azərbaycanda baş qaldırmağa, müəyyən siyasi proseslərə təsir etməyə çalışdılar:
"Bu özünü xüsusilə seçkilər zamanı göstərirdi. Lakin bu cəhdlər uğursuzluqla nəticələnib. Biz həmin Qərb ölkələrinə təklif edirik ki, gəlin, Azərbaycan fondları da sizin ərazinizdə fəaliyyət göstərsinlər. Niyə birtərəfli vəziyyət olmalıdır ki? Amma onlar bunun qarşısını müxtəlif bəhanələrlə alıb deyirlər ki, sizin fondların məqsədi bizim dövlətimizin xətti ilə üst-üstə düşmür. Eyni cavabı biz də onlara veririk. Bu da onların xoşuna gəlmir. Həmin fond rəhbərləri bizimlə mentor tonunda danışır, öyrətməyə çalışırlar. Biz deyirik ki, nə biz şagirdik, nə də siz müəllimsiniz. Gəlin, əməkdaşlığımızı bərabərhüquqlu münasibətlər çərçivəsində quraq. Bizim xarici siyasətimiz heç kimə qərarlarımızı idarə etməyə imkan verməməkdən ibarətdir”.
F. Hüseynəliyev eyni zamanda Azərbaycanda rus dili ilə bağlı mövcud vəziyyət haqqında verilən sualları da cavablandırıb: “Cənubi Qafqaz ölkələri arasında Azərbaycan ən çox rusdilli ölkədir. Rus bölməsi olan məktəblərimiz, universitetlərimiz var. Onlar dövlət tərəfindən maliyyələşdirilir, yəni onlarda təhsil pulsuz əldə edilə bilər. Bir çox valideynlər uşaqlarını təhsil müəssisələrinin rus bölməsinə göndərirlər. Dövlətin dili yalnız Azərbaycan dilidir, lakin bu heç bir halda rus dilinin hüquqlarını pozmur. Azərbaycanda rus dilində televiziya kanalları var və demək olar ki, bütün xəbər agentlikləri ən azı üç dildə məlumat dərc edir: Azərbaycan, rus, ingilis.
Mən “Facebook” səhifəmi rus dilində idarə edirəm, çünki bu, mənim üçün çox rahatdır. Mən həm məktəbdə, həm də universitetdə rus bölməsində oxumuşam, eyni zamanda Azərbaycan dilini çox yaxşı bilirəm. Rusiya ilə qarşılıqlı əlaqədə heç bir problem yoxdur. Bizim dövlət səviyyəsində kifayət qədər yaxşı qarşılıqlı əməkdaşlığımız var. Azərbaycanda çoxlu ruslar yaşayır, Rusiya icması fəaliyyət göstərir. Forumda Rusiya icmasının sədr müavini iştirak edir. Son illər rusdilli kadr çatışmazlığı problemi var idi. Bu sahədə müəyyən müddət ərzində uğursuzluq olub. Amma 5-7 ildən sonra bizdə kifayət qədər rusdilli kadrlar yetişəcək, ən azı jurnalist istiqamətini dolduracaqlar”.
Qeyd edək ki, Xəzər Media Forumu çərçivəsində müasir media mövzusunda debatlar keçirilib, kontentin mənasının və informasiyanın yayılması kanalının əhəmiyyətindən bəhs edilib. İştirakçılar müasir trendlərdən asılı olaraq medialayihələrin strukturunun necə dəyişməsini müzakirə edib, kütləvi kommunikasiyaların trendləri və çağırışları barədə fikir mübadiləsi aparıblar.