Elektron Kredit Platformasının sahibkarlar üçün yaratdığı imkanlar

Elektron Kredit Platformasının sahibkarlar üçün yaratdığı imkanlar Məlum olduğu kimi, pandemiya bütün dünyada biznesin fəaliyyətinə ciddi təsir göstərdi.
Biznes
27 Avqust , 2021 17:52
Elektron Kredit Platformasının sahibkarlar üçün yaratdığı imkanlar

Məlum olduğu kimi, pandemiya bütün dünyada biznesin fəaliyyətinə ciddi təsir göstərdi. Bunu nəzərə alan dünya dövlətləri iqtisadi sabitliyə nail olmaq üçün sahibkarların dəstəklənməsinə dair bir sıra tədbirlər həyata keçirdi.

"Report" xəbər verir ki, Azərbaycanda da bu istiqamətdə digər tədbirlərlə yanaşı, yeni maliyyə mexanizmlərinin tətbiqinə başlanıldı. Bu mexanizmlərdən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlıdır. Bu prosesin həyata keçirilməsində şəffaflıq və operativliyə nail olmaq üçün İqtisadiyyat Nazirliyi tərəfindən Elektron Kredit Platforması yaradılıb.

Elektron Kredit Platforması vasitəsilə təklif edilən maliyyə dəstəyi mexanizmləri

Elektron Kredit Platforması Sahibkarlığın İnkişafı Fondunun dövlət zəmanətli kredit və subsidiya mexanizmindən yararlanmaq üçün sahibkarların müraciətlərinin qəbul edildiyi onlayn platformadır. Müraciətlər pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlar tərəfindən həyata keçirilə bilər.

Dövlət zəmanəti sahibkarların müvəkkil kredit təşkilatlarından (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı və s.) manatla almaq istədikləri kreditlərə verilir. Zəmanət verilən kreditlərə faiz subsidiyaları da ödənilir.

Dövlət zəmanəti ilə kredit mexanizmi məbləği 3 milyon manatadək, illik faiz dərəcəsi 15 %-dək, müddəti 3 ilədək olan kreditlərə şamil edilir. Kreditlər üzrə 12 ayadək güzəşt müddəti tətbiq edilir. Bu mexanizmə əsasən, kreditlərin 60 %-dək hissəsinə dövlət zəmanəti verilir. Məsələn, müvəkkil kredit təşkilatı 1 milyon manat məbləğində kredit verirsə, kreditin 600 min manatlıq hissəsinədək dövlət zəmanəti verilə bilər.

Bu mexanizm çərçivəsində zəmanət verilmiş kreditlərin illik faiz dərəcəsinin 50 %-i dövlət tərəfindən subsidiyalaşdırılır. Misal üçün, müvəkkil kredit təşkilatı illik 14 %-lə kredit verirsə, onun 7 % bəndi dövlət tərəfindən ödənilir.

Dövlət zəmanətli kredit və subsidiya mexanizmindən necə yararlanmaq olar?

Sahibkar www.e-edf.gov.az saytından “Asan imza” vasitəsilə Elektron Kredit Platformasına daxil olur. Bu zaman onun fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olub-olmadığı avtomatik müəyyənləşdirilir. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyekti zəmanət tələb edilən yeni kredit sifarişi üzrə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatını seçir, biznes planına uyğun olaraq kredit məbləğini qeyd edir və müraciətini təsdiq edir. Bu zaman sahibkara eyni vaxtda 3 müvəkkil kredit təşkilatı seçmək hüququ verilir.

Sahibkarlıq subyektlərinin dövlət zəmanətli kreditlərin əldə olunması ilə bağlı 2 növ müraciət - sürətli kredit (məbləği 200 min manatadək) və ənənəvi kredit üzrə müraciət mövcuddur.

Sürətli kredit üzrə müraciətə 7 iş günü, ənənəvi kredit üzrə isə 10 iş günü ərzində baxılır və nəticə barədə məlumat Elektron Kredit Platformasında yerləşdirilir. Sahibkar Platformada “Şəxsi kabinet”inə daxil olmaqla müraciətin nəticələri ilə bağlı məlumat əldə edə bilər.

Platformanın əlavə üstünlükləri

Elektron Kredit Platforması bir çox xüsusiyyətlərinə görə sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırır. Belə ki, sahibkarlar müvəkkil kredit təşkilatına getmədən onlayn rejimdə biznes kreditləri üçün müraciət edə və müraciətlərinin statusunu real vaxt rejimində izləyə bilirlər. Sahibkarların biznes kreditlərinə çıxış imkanları artır, vaxta və xərclərə qənaət olunur.

Təqdim edilən layihələrə Sahibkarlığın İnkişafı Fondunda və müvəkkil kredit təşkilatlarında eyni vaxtda baxılır ki, bu da əlavə vaxt itkisinin qarşısını almaqla yanaşı, layihələrin obyektiv şəkildə qiymətləndirilməsi imkanlarını genişləndirir, kreditlərin əldə olunmasında operativlik və şəffaflıq təmin edilir.

Platforma vasitəsilə sahibkarlara eyni anda 3 müvəkkil kredit təşkilatına müraciət etmək imkanı verilir. Bununla da, sahibkarların məmnunluğu təmin edilir və kredit təşkilatları arasında sağlam rəqabət mühiti yaradılır.

Elektron Kredit Platforması vasitəsilə sahibkarlara göstərilmiş maliyyə dəstəyi

2021-ci ilin 1 avqust tarixinədək Elektron Kredit Platforması vasitəsilə dövlət zəmanəti və subsidiya mexanizmi çərçivəsində 1 464 müraciət üzrə 331.9 milyon manat kreditə Fond tərəfindən zəmanət verilib. Zəmanət verilmiş müraciətlər üzrə zəmanət məbləği 193 milyon manat təşkil edir. Kredit faizləri üzrə isə sahibkarlara 6,5 milyon manat subsidiya ödənilib.

Son xəbərlər

Orphus sistemi