Azərbaycanın aparıcı banklarından birinin və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (“AFchamber”) birgə təşəbbüsü ilə “Kiçik və orta bizneslər üçün maliyyəyə çıxış” mövzusunda konfrans keçirilib.
Bu barədə “Report”a “AFchamber”dən məlumat verilib.
Məlumata görə, Palatanın İdarəedici Direktoru Zibər Hüseynovanın moderatorluğu ilə keçirilən konfransda Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi Asif Mahmudov qonaq-məruzəçi qismində iştirak edib.
Fransanın ölkədəki səfiri Zacharie Gross konfransa fəxri qonaq qismində qatılıb. Konfransda KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklərin, onların maliyyə çıxışını asanlaşdırmaq üçün təqdim edilən yeni maliyyələşmə növlərinin və müxtəlif şirkətlərin bu sahə üzrə irəli sürdüyü layihələrin müzakirəsi yer alıb.
Tədbir T.Kazımov və “AFchamber”ın İdarə Heyətinin sədri Teybə Quliyevanın açılış nitqi ilə başlayıb. Bankir KOB seqmenti və onların iqtisadiyyatdakı əhəmiyyətli rolundan danışıb. O, həm geridə qalan 3 illik strateji dövrdə, həm də 2021-2023-cü illər üçün nəzərdə tutulan İnkişaf Strategiyasında Bankın əsas diqqətinin KOB-ların maliyyələşməsinin təmin edilməsinə yönəldildiyini vurğulayıb: “İndi əsas çağırış KOB-ların maliyyələşmə metodlarının şaxələndirilməsidir. Ölkəmizə daha çox investisiya cəlb olunmasına yardım etməklə, xarici investorlarla yerli bizneslər, dövlət tənzimləyiciləri ilə sahibkarlıq subyektləri arasında əlaqələndirici olmaqla bu çağırışın öhdəsindən gələ biləcəyik”.
T.Quliyeva isə KOB-ların maliyyə resurslarına çıxışını məhdudlaşdıran əngəllərin aradan qaldırılması üçün dövlət-özəl sektor tərəfdaşlığının vacibliyini vurğulayıb və bu kimi tədbirlərin ikitərəfli dialoqun dərinləşməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Paneldə çıxış edən dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatın nümayəndələri mövzuya dair institutların həyata keçirdiyi tədbirlər və gələcək layihələr barədə danışıb. Sonda keçirilən sual-cavab sessiyası zamanı iştirakçıları maraqlandıran suallar qonaq-məruzəçilər tərəfindən cavablandırılıb.
“AFchamber” əsas missiyası dövlət və özəl sektor arasında tərəfdaşlığı təşviq etmək olan qeyri-hökumət təşkilatıdır. Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 50-dən çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.