"Bank VTB (Azerbaijan)" yerli ixracatçılara dəstək verəcək
- 04 iyul, 2018
- 07:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyul. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, "Azexport" portalı və "Bank VTB (Azerbaijan)" ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
"Report" xəbər verir ki, sənədi portalın rəhbəri Zaur Qardaşov və Bankın İdarə Heyətinin sədri Kirin Yevqeniy Anatoleviç imzalayıblar.
Memorandumun məqsədi "VTB Bank" qrupunun təmsil olunduğu bir sıra ölkələrdə Azərbaycan ixracatçıları üçün yeni imkanların yaradılması, birgə tədbirlərin və konfransların keçirilməsi, biznes missiyalarının təşkil edilməsi, "Azexport"un imkanları barədə məlumat mübadiləsi, eyni zamanda yeni siğorta, nəqliyyat və logistika imkanlarının təqdim edilməsidir.
Z.Qardaşov yeni əməkdaşlıq sənədinin portalın işinə böyük töhfə verəcəyini vurğulayıb: “Məlum olduğu kimi, Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ənənəvi olaraq əsas bazarlardan biri kimi qalır. Araşdırmalar göstərir ki, ənənəvi bazarlara və yarmarkalara nisbətən market zəncirləri və digər dövlət və özəl satınalma müqavilələri daha çox əlavə dəyər təmin edən və etibarlı satış kanallarıdır. Bununla belə, Azərbaycan məhsullarının bu cür kanallarla satışına maneə yaradan amillərdən biri də göndərilən malların pulunun dövrü olaraq 60-90 gün müddətində ödənilməsidir ki, bu da öz növbəsində bir çox hallarda ixracatçı üçün fasiləsiz təchizatı təmin etməkdə çətinlik yaradır”.
O, həmçinin əlavə edib ki, bu istiqamətdə azərbaycanlı ixracatçılara dəstək olmaq, o cümlədən məhsullarını daha yüksək qiymətə satmaq və davamlı tərəfdaşlarla müqavilələr imzalamaq məqsədilə, "Azexport" "VTB Bank"la birlikdə Rusiyanın mağaza zəncirləri və digər potensial müştərilərlə əməkdaşlıq çərçivəsində həmin şəxslərə mal göndərmək istəyən ixracatçılara qısa müddətli maliyyə vəsaiti təqdim edəcək. İxracatçılar fasiləsiz təchizatı təmin etmək məqsədilə, göndərilən mallarını dəyərini 2-3 gün müddətində bank vasitəsilə ala biləcəklər.
Y.Kirin isə əlavə edib ki, "Bank VTB (Azerbaijan)" 20-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə qrupunun üzvüdür: “Bankımızın əsas məqsədlərindən biri Azərbaycan biznesinə yeni bazarlara çıxışda yardım etməkdir. Əminəm ki, memorandumun imzalanması Azərbaycan-Rusiya ixracatçılarının maliyyə imkanlarını genişləndirməyə və sahibkarlıq fəaliyyətini stimullaşdırmağa imkan verəcək”.
Qeyd edək ki, "Azexport" əlverişli maliyyə alətlərini təqdim etmək üçün digər ölkələrin bankları o cümlədən, Emirates NBD, Deutsche Bank və Raiffeisen kimi banklarla əməkdaşlığa dair danışıqlar aparır.