Bakıda respublika əczaçılarının üçüncü konfransı keçirilib

Bakıda respublika əczaçılarının üçüncü konfransı keçirilib Bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, “Əczaçılıq Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əczaçılar Gününə həsr olunmuş respublika əczaçılarının üçüncü konfransı keçirilib.
Biznes
7 Oktyabr , 2022 19:45
Bakıda respublika əczaçılarının üçüncü konfransı keçirilib

Bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, “Əczaçılıq Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əczaçılar Gününə həsr olunmuş respublika əczaçılarının üçüncü konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının və təhsil müəssisələrinin nümayəndələrinin, əczaçılıq sektorunda fəaliyyət göstərən şirkətlərin və əczaçıların iştirakı ilə sektorun mövcud vəziyyəti, inkişaf perspektivləri və bu sahədəki çətinliklərin həlli yolları müzakirə edilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bunyatov təşkilatın fəaliyyəti barədə məlumat verib, konfransın sektorun mövcud vəziyyətinin, perspektiv inkişaf imkanlarının və əczaçılıq sahəsində fəaliyyət göstərən şirkətlərin çətinliklərinin müzakirə edilməsi məqsədilə təşkil olunduğunu qeyd edib. Bildirilib ki, sektorun inkişafına dövlət dəstəyi göstərilir. Lakin əczaçılıq sahəsinin bir sıra çətinlikləri də var və bu problemlərin həllində sektor təmsilçilərinin fəallığı vacibdir.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov əczaçılıq sahəsində fəaliyyət göstərən sahibkarların rəqabətədavamlılığının artırılmasının, onların göstərdiyi xidmətlərin daha keyfiyyətli və müasir standartlara uyğunlaşdırılmasının prioritet istiqamətlərdən olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanda həm pandemiya dövründə, həm də ondan əvvəl əczaçılıq sənayesinin və tibb sənayesinin inkişafı ilə bağlı əhəmiyyətli işlər görülüb. Əczaçılıq üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkı bu işdə böyük önəm daşıyır. Orxan Məmmədov Agentliyin tibb sektorunun bəzi yardımçı alt sahələrinin yaradılmasına göstərdiyi dəstək barədə məlumat verib, əczaçılıq sektorunda fəaliyyət göstərən biznes subyektlərinin KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən istifadə edə biləcəklərini diqqətə çatdırıb.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov səhiyyə sahəsinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb, əczaçılıq sahəsində görülən işlər, bu sahədə nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov, eləcə də əczaçılıq üzrə yerli distribyutor şirkətlərin nümayəndələri və iş adamları da fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi