Son günlər bir sıra media qurumlarında və sosial şəbəkələrdə “AzerGold” QSC-nin fəaliyyəti, həmçinin rəhbərliyi və onun ailə üzvləri haqqında həqiqəti əks etdirməyən materiallar yayılmaqda, bununla da qeyd olunan şəxslər barəsində ictimaiyyətdə mənfi rəy formalaşmaqdadır.
"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Cəmiyyət bütün tenderləri “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə uyğun keçirir, rəhbərlik və onun ailə üzvləri heç bir hüquqi və faktiki əsaslara söykənməyən materiallarda tenderlərin qalibləri olaraq göstərilən “Buta Construction” və “AZCD Group” QSC-lərin idarəetməsində iştirak etmir, həmçinin onların həmin şirkətlərlə hər hansı bir bağlılığı yoxdur.
"Təəssüflə qeyd etmək istərdik ki, rəsmi məlumatlara istinad edilmədən və dəqiqləşdirilmədən yayılan, həqiqəti əks etdirməyən bu məlumatlar nəinki ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda dünya miqyaslı və aparıcı mədən şirkətinə çevrilmə yolunda irəliləyən şirkətimizin ictimai nüfuzuna və imicinə ciddi xələl gətirə bilər.
Hörmətli media nümayəndələri, ictimaiyyəti dəqiq informasiya ilə təmin etmək yolundakı şərəfli fəaliyyətinizdə həqiqətə xidmət, dəqiqlik və obyektivlik kimi peşə davranış qaydalarına həssaslıq göstərməyiniz, həqiqətə uyğunluğu yoxlanılmayan informasiyanın yayılmaması üçün çalışmağınız və rəsmi mənbələrə istinad etməyiniz xahiş olunur", - deyə qurum bəyan edib.