Azərbaycanlı sahibkarların Dubaya ixrac imkanlarının artırılması müzakirə olunub

Biznes
  • 21 aprel, 2022
  • 11:15
Azərbaycanlı sahibkarların Dubaya ixrac imkanlarının artırılması müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Ticarət Palatasının nümayəndələrinin və qida sektorunda fəaliyyət göstərən sahibkarların iştirakı ilə onlayn görüş keçirilib.

"Report" Fonda istinadən xəbər verir ki, görüş Azərbaycanda biznes subyektlərinin qida məhsulları ixracı potensialı və ixracın təşkili üçün tələb olunan maliyyə mənbələrinə çıxış imkanlarının müzakirə etmək məqsədilə təşkil olunub.

Görüşdə yerli sahibkarların Dubay bazarlarında rəqabətqabiliyyətli olması üçün ehtiyaclarının müəyyən edilməsi, buna uyğun yeni maliyyə dəstəyi mexanizmlərinin yaradılması perspektivləri barədə fikir mübadiləsi aparılıb. Şirkətlərin nümayəndələri fəaliyyət sahələri və istehsal etdikləri məhsullar barədə məlumat veriblər.

SİF-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev yerli məhsulların xarici bazarlara çıxarılması məqsədilə sahibkarların ehtiyacları fonunda yeni dəstək alətlərinin yaradılması ilə bağlı araşdırmaların aparıldığını qeyd edib. O, vurğulayıb ki, bu istiqamətdə biznesin tələb və gözləntilərinin müəyyən edilməsi ixrac yönümlü layihələrin maliyyələşdirilməsində yeni və daha səmərəli mexanizmlərin tətbiqi üçün əlverişli şərait yaradacaq.