Azərbaycanla Macarıstan arasında energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görülür.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovla Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında keçirilən görüşdə bildirilib.
Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin, 2023-cü ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri çərçivəsində keçirilmiş görüşlərin əməkdaşlığın möhkəmlənməsində mühüm rolu vurğulanıb.
"İki ölkə arasında tərəfdaşlığın genişlənməsinə qarşılıqlı marağın göstəricisidir ki, Azərbaycan-Macarıstan ticarət dövriyyəsi artır, faydalı investisiya əməkdaşlığı həyata keçirilir", - məlumatda deyilir.
Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən enerji sahəsində əməkdaşlığın perspektivləri, maliyyə sektoruna Macarıstan investisiyalarının qoyuluşu imkanları müzakirə edilib.