Azərbaycanın Rusiyadan dondurulmuş toyuq əti idxalının dəyəri 2,5 dəfə artıb

Biznes
  • 21 aprel, 2022
  • 11:05
Azərbaycanın Rusiyadan dondurulmuş toyuq əti idxalının dəyəri 2,5 dəfə artıb

Azərbaycana 2022-ci ilin ilk iki ayında xaricdən 6,96 milyon ABŞ dolları dəyərində 5 min 145 ton dondurulmuş toyuq əti gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 94,1 %, kəmiyyət olaraq – 68,2 % artıb.

Hesabat dövründə Ukraynadan 5,56 milyon ABŞ dolları dəyərində 4 min 317 ton, Rusiyadan 961,2 min ABŞ dolları dəyərində 503,1 ton, Belarusdan 315,95 min ABŞ dolları dəyərində 238,03 ton, Gürcüstandan 92,73 min ABŞ dolları dəyərində 60,49 ton, Moldovadan 20,24 min ABŞ dolları dəyərində 24 ton və Türkiyədən 4,31 min ABŞ dolları dəyərində 1,76 ton məhsul alınıb.

2021-ci ilin analoji dövrü ilə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 2,1 dəfə və 85,6 % artıb, Rusiyadan – 2,5 dəfə və 45,8 % artıb, Belarusdan – 27,6 % və 20,1 % azalıb, Gürcüstandan - 67,7 % və 51,2 % artıb, Moldovadan – 42,2 % və 50 % azalıb, Türkiyədən – 108 dəfə və 201 dəfə artıb.

Xatırladaq ki, ötən il ərzində Azərbaycanın xaricdən (7 ölkə) aldığı 27,8 min ton dondurulmuş toyuq ətinin 75 %-i Ukraynanın, 15 %-i Rusiyanın payına düşüb.