Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi TOP5 ölkə - SİYAHI
- 02 noyabr, 2024
- 12:01
Bu ilin sentyabr ayında Azərbaycanın qeyri-neft məhsulları əsasən Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan və İsveçrəyə ixrac olunub.
Bu barədə “Report” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın oktyabr buraxılışına istinadən xəbər verir.
Sentyabrda Azərbaycan Rusiyaya 91,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25,9 milyon ABŞ dolları və ya 28,2 % çoxdur.
Azərbaycandan Türkiyəyə 40,5 milyon ABŞ dolları məbləğində qeyri-neft məhsulları tədarük olunub. Bu isə bir il öncəki göstəricidən 4,7 milyon ABŞ dolları və ya 10,4 % azdır.
İlk üçlüyə 37,4 milyon ABŞ dollarlıq göstərici ilə Gürcüstan daxildir. Azərbaycan bu ölkəyə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,2 milyon ABŞ dolları və ya 76 % daha çox qeyri-neft məhsulu ixrac edib.
Azərbaycan Qazaxıstana 21,3 milyon ABŞ dolları məbləğində qeyri-neft məhsulları ixrac edib. Bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 15,6 milyon ABŞ dolları və ya təxminən 4 dəfə çoxdur.
TOP5-liyi isə İsveçrə qapayır. Azərbaycan bu ölkəyə 19 milyon ABŞ dolları məbləğində qeyri-neft məhsulları tədarük edib. İl ərzində bu göstərici 7,1 milyon ABŞ dolları və ya 27,2 % geriləyib.
Bu lin 9 ayında isə ilk beşliyə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və ABŞ daxil olub. Belə ki, bu dövrdə Azərbaycan Rusiyaya 843,7 milyon ABŞ dolları (+7,2 %), Türkiyəyə 435,1 milyon ABŞ dolları (-31,1 %), Gürcüstana 195,1 milyon ABŞ dolları (-18,8 %), İsveçrəyə 119,6 milyon ABŞ dolları (+6,3 %) və ABŞ-yə 113,3 milyon ABŞ dolları (+13,7 dəfə) dəyərində qeyri-neft məhsulları ixrac edib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % artaraq 2,5 milyard ABŞ dolları təşkil edib. Sentyabrda bu göstərici 27,5 % artaraq 285 milyon ABŞ dolları olub.