Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti düyü məhsullarının idxalı və satışı bazarının 80%-ni təşkil edən əsas 9 təsərrüfat subyeki – "Veysəloğlu", "Tamashaee Foods", "QİDA XXI", "Best-Tarım", "Babək", "Xudafərin-1", "Elsaan Group", "AL market" və "Sun Food" MMC-lər barədə araşdırma aparıb.
"Report" quruma istinadən xəbər verir ki, məqsəd Nazirlər Kabinetinin "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 21 fevral 2022-ci il tarixli sərəncamı çərçivəsində antiinhisar qanunvericiliyinin tələblərinə dair pozuntuların olub-olmadığını aşkarlamaq olub.
Düyü bazarının əsas idxalçılarının təqdim etdiyi məlumatlara əsasən, iqtisadi nəzəriyyə çərçivəsində, empirik metodlar ilə aparılan ətraflı təhlil nəticəsində bazarda düyü məhsullarının satış qiymətlərinin iqtisadi qanunauyğunluq əsasında formalaşdığı, antiinhisar qanunvericiliyinin tələblərinə zidd iqtisadi davranışların olmadığı müəyyən edilib.