Azərbaycanın Çexiyadakı investisiya hədəfini təşkil edən sahələr açıqlanıb
- 16 noyabr, 2021
- 10:47
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanın Çexiyadakı investisiyaları əsasən daşınmaz əmlak və hotel sektorlarına yönəldilib".
Bunu “Report”a Çexiyanın Sənaye və Ticarət Nazirliyindən bildirilib.
“İki ölkə arasında davamlı olaraq dərinləşən iqtisadi əlaqələr Azərbaycanın Çexiyada investisiyasının böyüməsi ilə bərabər inkişaf edir. Çexiyanın Azərbaycana ixracının əmtəə strukturu ötən illərdə sabit qalıb. Əsas məhsullar minik və yük avtomobilləri və onların ehtiyat hissələri, tikinti materialları, maşın və sənaye avadanlıqları, yuyucu vasitələr, bir sıra əczaçılıq məhsulları və kosmetikadır. Çexiyanın Azərbaycandan idxalı neft, pambıq, quru meyvələr və qoz-fındıqdan ibarətdir. Çexiya şirkətlərinin Azərbaycana ixracı son illərdə azalma tendensiyası nümayiş etdirir. Bununla belə, 2021-ci ilin yanvar-avqust aylarında koronavirus pandemiyasına baxmayaraq, Çexiya Statistika İdarəsinin məlumatına görə, Çexiyanın dünya ölkələrinə ixracı təxminən 21 % artıb”.
Vurğulanır ki, Çexiyanın Sənaye və Ticarət Nazirliyi ölkənin Azərbaycandakı səfirliyi ilə birlikdə investisiya fəaliyyəti də daxil olmaqla, Azərbaycandakı şirkətlərinin fəaliyyətini dəstəkləyir: "Azərbaycan bazarı çox maraqlıdır. Həmçinin, Çexiyanın Sənaye və Ticarət Nazirliyi birgə hökümətlərarası komissiyanın iclaslarını keçirməklə və ya Azərbaycana sektoral biznes missiyaları təşkil etməklə bu məqsədləri dəstəkləyir”.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla-Çexiya arasında ticarət dövriyyəsi 38 % azalaraq 140 milyon 812 min ABŞ dolları təşkil edib. Çexiyaya ixrac 43,2 % azalaraq 109 milyon 066 min ABŞ dolları, idxal isə 14,1 % azalaraq 31 milyon 746 min ABŞ dolları təşkil edib.