Azərbaycanla Çexiya arasında Qarışıq Komissiyanın iclasının vaxtı açıqlanıb

Biznes
  • 11 noyabr, 2021
  • 07:07
Azərbaycanla Çexiya arasında Qarışıq Komissiyanın iclasının vaxtı açıqlanıb

Bu ilin noyabrın 22-23-də Praqada Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın növbəti iclası keçiriləcək.

Bu barədə “Report”a Çexiyanın Sənaye və Ticarət Nazirliyindən bildirilib.

“İkitərəfli iqtisadi əməkdaşlığımızın hazırkı vəziyyəti ilk növbədə neft ticarətinə əsaslanır. Bununla belə, potensialı hələ reallaşdırılmamış digər sektorlarda iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur”, - Nazirlikdən məlumat verilib.

Nazirlik Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafı ilə bağlı məsələyə toxunub: “Çexiyanın Azərbaycanda səfirliyinin açılması iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin keyfiyyətinə çox müsbət təsir göstərib. Çexiyanın Azərbaycandakı səfirliyi 2009-cu ildə açılıb, həmin vaxtdan bəri o, Çexiya biznesinə lazımi ixrac yönümlü xidmətlər göstərir. Çexiya Prezidentinin 2015-ci ildə, Parlamentin spikerinin 2016-cı ildə Azərbaycana səfəri xüsusi önəm kəsb edir”.

Vurğulanır ki, Çexiya minlərlə azərbaycanlı səyahətçilər üçün məşhur turizm məkanıdır. Praqa və Bakı arasında 2013-cü ildə birbaşa reys açılıb. Sonuncu birbaşa uçuşlar 2019-cu ildə yay mövsümündə (iyun-sentyabr) həftədə iki dəfə həyata keçirilib. Əsasən davam edən COVID-19 pandemiyasına görə, birbaşa aviareyslərin bərpa edilib-edilməyəcəyini təxmin etmək hələ tezdir”.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla-Çexiya arasında ticarət dövriyyəsi 38 % azalaraq 140 milyon 812 min ABŞ dolları təşkil edib.

44 filmi