Azərbaycanda yeni vençur kapital fondu yaradılıb

Azərbaycanda yeni vençur kapital fondu yaradılıb Azərbaycanda "Caucasus Ventures" adlı yeni vençur kapital fondu yaradılıb.
Biznes
29 Noyabr , 2022 10:40
Azərbaycanda yeni vençur kapital fondu yaradılıb

Azərbaycanda "Caucasus Ventures" adlı yeni vençur kapital fondu yaradılıb.

"Report" xəbər verir ki, fondun 8 payçısı var ki, bunlardan biri də dövlətdir.

Payçıların ortaq qərarı ilə Məmməd Kərimov fonda rəhbər təyin edilib. O, bu təyinata qədər "Khazar Ventures" Fonduna rəhbərlik edib.

Yeni vençur fondunun təqdimat mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib: "Dünya təcrübəsi göstərir ki, qrantların verilməsi nəinki inkişafa xidmət edir, əksinə sıradan çıxmaya şərait yaradır. Bu günə qədər Azərbaycanda stratapların maliyyələşməsi dövlət qrantları, bankların kredit vəsaitləri, nadir hallarda isə risk götürmək istəyən investorların kiçik investisiyaları hesabına olub. Biz isə dövlət olaraq hesab edirik ki, qrantların verilməsi startapların pis vərdişlərə aludə olmasına gətirib çıxarır".

Onun sözlərinə görə, bu "Caucasus Ventures" Fondu "Azərbaycan-2030" milli prioritetlər sənədinə uyğun gəlir: "Yeni fondun yaradılmasında bizə dəstək olan "PAŞA Holdinq" MMC-yə və digər iştirakçılara təşəkkür edirəm".

Bununla belə, nazir deyib ki, bu vençur kapital fondunun yaradılması bütün problemləri həll etməyəcək: "Sektorun problemləri kifayət qədər böyükdür. Bunlar həm infrastrukturun istənilən səviyyədə, qanunvericiliyin isə adekvat olmamasından tutmuş, insan resurslarımızın kifayət qədər rəqabətli olmaması da daxil olmaqla yerli sahibkarların bazara inamının olmaması və startap mədəniyyətinin formalaşmaması kimi böyük perimetri əhatə edir. Əminəm ki, bunların hər birində nazirliyin və özəl sektorun öz planları var. Yalnız bu il biz tərəfdaşlarımızla birlikdə 650 mütəxəssisin hazırlanması üçün vəsait ayırmışıq. Əgər nəzərə alsaq ki, universitetlərin hər il bazara təqdim etdiyi məzunların sayı təxminən 3 000-dir, bu zaman bizim göstəricinin də əhəmiyyətli olduğunu deyə bilərik. Bizim tərəfdaşlarımız qarşısında qoyduğumuz ən mühüm vəzifələrdən biri odur ki, tez bir zamanda həmin kadrlar işlə təmin edilsin. Əks təqdirdə hər dəfə onlar yeni tələbələri, məzunları təlimlərdən keçirmək məcburiyyətindədirlər".

R. Nəbiyev bildirib ki, "Caucasus ventures" vençur fonduna ümumilikdə 11 milyon manat yatırılıb: "Bu vəsait mütləq şəkidə ekosistemin formalaşmasına xidmət edəcək. Biz bura universitet rektorlarını və iri holdinq rəhbərlərini dəvət etmişik. Hesab edirik ki, onlar da qanunvericiliyin yaratdığı imkandan istifadə edərək ekosistemin inkişafına töhfələrini verəcəklər. Ən başlıcası isə bu fond xarici investorların da ölkəmizə marağını artıracaq".

Son xəbərlər

Orphus sistemi