Nazirlər Kabineti “Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası”nı təsdiqləyib.
“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qayda “Dövlət ehtiyatları haqqında” qanunun 1.1.2-ci və 5.4-cü maddələrinə əsasən hazırlanıb. O, ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, habelə strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığının təmin edilməsində iştirak edən bazar iştirakçılarına dair meyarları müəyyən edir. Bununla yanaşı, həmin iştirakçılar tərəfindən təmin edilən mallarla bağlı Dövlət Ehtiyatları Agentliyinə məlumat təqdim edilməsinə dair təşkilati və hüquqi məsələləri tənzimləyir.
Bu qayda strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, müvafiq meyarlara cavab verən hüquqi və fiziki şəxslərə, eləcə də dövlət qurumlarına şamil edilir.
Qaydaya əsasən, hüquqi və fiziki şəxslər, eləcə də dövlət qurumları, əgər il ərzində hər hansı strateji əhəmiyyətli mal üzrə bazar payları 2 %-ə bərabər və ya daha çox olarsa, bazar iştirakçısı hesab edilirlər. Ötən il üçün bazar payı bu həddə çatmış hüquqi və fiziki şəxslərin, eləcə də dövlət qurumlarının siyahısı cari ilin 15 may tarixinə qədər Agentlik tərəfindən müəyyən edilir. Agentlik həmin bazar iştirakçılarına hansı strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı olduqlarını və həmin mal üzrə təmin etməli olduqları minimal həcm barədə hər il 1 iyun tarixinədək yazılı bildiriş göndərir.
Strateji əhəmiyyətli mallar üzrə minimal təminat həcmi aşağıdakı kimi hesablanır:
• Bazarda iştirak edən hüquqi və fiziki şəxslərin, eləcə də dövlət qurumlarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi müəyyən edilir;
• Bu cəm, həmin mal üzrə ümumi bazarın həcminə vurularaq bazar iştirakçıları tərəfindən təqdim edilən strateji əhəmiyyətli malın ümumi həcmi müəyyənləşdirilir.