Azərbaycanda hazırda KOB-ların vəziyyəti necədir?

Biznes
  • 29 sentyabr, 2021
  • 10:10
Azərbaycanda hazırda KOB-ların vəziyyəti necədir?

Dünyada, eləcə də Azərbaycanda pandemiyadan ən çox zərər çəkən sahələrdən biri kiçik və orta sahibkarlar olub. Bəs hazırda ölkədə fəaliyyət göstərən KOB-ların vəziyyəti necədir? KOB-ların fəaliyyətinin qorunub-saxlanılması üçün hansı işlər görülməlidir?

“Report” bununla bağlı araşdırma aparıb.

İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, pandemiya şəraiti bütün sahibkarlara mənfi təsir göstərib: “Lakin pandemiyanın kiçik və orta sahibkarlara mənfi təsiri daha çoxdur. Bu vəziyyət təkcə Azərbaycanda qeydə alınmayıb, bütün dünyada kiçik və orta sahibkarlar pandemiya nəticəsində məhv olub. Azərbaycanda KOB-lar 2020-ci ildə olduğu qədər ağır vəziyyətdə olmamışdı. Ötən ilki vəziyyət bu ilin birinci rübündə davam etsəydi, o zaman vəziyyət heç də təsəvvür edilən səviyyədə ola bilməzdi. Lakin bu ilin əvvəlindən pandemiya ilə bağlı qoyulan bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Bizneslə məşğul olanların fəaliyyəti açıq elan edilib.

Keçən il hökumət tərəfindən kiçik və orta biznesə maliyyə dəstəyi göstərilib. Amma göstərilən maliyyə dəstəyi kiçik və orta sahibkarların əməkdaşlarının gəlirlərini heç cür kompensasiya edə bilməzdi. Ötən ilki itkilər kiçik və orta sahibkarlar üçün olduqca böyük idi”.

Pərviz Heydərov

O əlavə edib ki, bu ilin bitməsinə az müddət qalıb: “Lakin hələ də kiçik və orta sahibkarlar, biznes sektoru fəaliyyətlərlərini pandemiyadan əvvəlki dövrdəki vəziyyətlərinə qaytara bilməyiblər. Görünür ki, sahibkarların bu vəziyyəti hələ bir müddət davam edəcək. Təqdirəlayiq haldır ki, may ayından etibərən ölkə iqtisadiyyatında tənəzzül prosesi dayanıb. Bu ilin 9 ayın iqtisadi yekunlarına görə, ölkədə vəziyyət nikbin olaraq inkişaf edir. Tendensya bu cür davam edərsə, sahibkarılıq subyektlərinə dəyən ziyan tamamilə aradan qalxacağı gün çox uzaqda olmayacaq”.

P.Heydərov vurğulayıb ki, KOB-lar dövlətdən dəstək aldıqları şəraitdə özlərini rahat hiss edirlər: “Lakin hazırda onlar maliyyə mənbələrinə çıxışda problemlərlə rastlaşırlar”.

Mili Məclisin deputatı Vüqar Bayramov bildirib ki, kiçik və orta biznes bütövlükdə iqtisadiyyatın inkişafı baxımından vacib hesab edilir: “Həm innovasiyanın dəstəklənməsi, eyni zamanda rəqabətliliyin, yeni iş yerlərinin yaradılması baxımından kiçik və orta biznesin xüsusi rolu və xidmətləri var. Azərbaycanda kiçik və orta biznesin dəstəklənməsi siyasəti həm institusional baxımından, həm də struktur baxımından son illər daha çox inkişaf edib. KOBİA-nın yaradılması, kiçik və orta biznesə birbaşa dəstəyin reallaşmasına imkan yaradır. Təbii ki, kiçik və orta biznesin daha da inkişaf etdirilməsi üçün bir sıra tədbirləin həyata keçirilməsi lazımdır. Monitorinqlər göstərir ki, kiçik və orta sahibkarların, əsasən də regionlarda fəaliyyət göstərən, kreditlərə çıxış imkanları məhduddur.

Bütövlükdə, bankların kredit portfelinin 80 %-dən çoxu Bakının payına düşür və Abşeron iqtisadi rayon istisna olmaqla, banklaın ümumi kredit portfelinin 17 %-i regionların payına düşür. Yəni, regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarların kreditlərə çıxış imkanları məhduddur. Xüsusilə də bankların girov mexanizmləri ilə bağlı qaydaların təkmilləşdirilməsinə ehtiyac var. Çünki tələb olunan əməlakı regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlar, hətta Bakıda fəaliyyət göstərənlər belə təqdim edə bilmirlər. Eyni zamanda, kredit portfelinin strukturunda böyük müəssisələrin eləcə də istehlak kreditlərin payında artımlar var, kiçik və orta sahibkarlığa yönəldilən kreditlərin həcmi hələ də arzu olunan səviyyədə deyil, bu baxımdan girov mexanizminin təkmilləşdirilməsi olduqca vacibdir. Bununa yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən Elektron Kredit Portalı yaradılıb və uyğun təcrübənin xüsusilə də banklar tərəfindən istifadə edilməsi məqsədəuyğun hesab edilə bilər".

Vüqar Bayramov

V.Bayramovun fikrincə, kiçik və orta biznesin ixrac bazarına çıxışı imkanlarını dəstəklənməsi vacibdir: "Həm standartların öyrənilməsi, həm də tətbiq edilməsi bu istiqamətdə kiçik və orta sahibkarların imkanlarını genişləndirilməsinə ehtiyac var. Bu da bazarların diversifikasiyası baxımından vacibdir. Kiçik və orta sahibkar ixrac baxımından azsaylı bazarlardan aslıdır. Bu istiqamətdə dövlət dəstəyini gücləndirməlidir. Standartların tətbiq edilməsi və kiçik və orta sahibkarların yeni bazarlara çıxılması baxımından dövlət dəstəyini genişləndirilməsinə ehtiyac var. Strateji sektorlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlara subsidiyaların verilməsi məqsədəuyğundu. Bu praktika Türkiyə daxil olmaqla, bir sıra digər ölkələrdə tətbiq edilir. Bu da kiçik və orta sahibkarların bir hissəsinin xərclərinin qarşılanmasına, onların iqtsadi baxımından inkişafına stimul yaradır”.

Bu istiqamətdə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) hansı işləri görürür?

Qurumdan verilən məlumata görə, 2021-ci ilin 1 iyul tarixinə qeydiyyata alınmış sahibkarlıq subyektlərinin sayı artaraq 1 milyon 275 min 753 olub. 2021-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 93 %-ni (133 min 844) mikro sahibkarlıq subyektləri, 4,8 %-ni (6 min 824) kiçik sahibkarlıq subyektləri və 1,8 %-ni (2 min 659) orta sahibkarlıq subyektləri təşkil edib. KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara biznesin qurulması və inkişaf etdirilməsi üçün hazırda informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, maraqların müdafiəsi, maliyyə resurslarına və satış bazarlarına çıxış, dövlət və özəl qurumlarla əlaqələndirmə kimi istiqamətlərdə dəstək və xidmətlər göstərilir.

Bildirilir ki, 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə başlanılıb: “Bu məqsədlə Agentlik tərəfindən təşkil olunmuş müsabiqəyə təqdim edilmiş layihələrdən 15-i maliyyələşdirilib. Layihələr yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması, qadınların məşğulluğunun təmin edilməsi istiqamətlərini əhatə edir. Hər layihənin ayrı-ayrılıqda maliyyələşdirilməsi üçün minimum 14 min, maksimum 20 min manat həcmində vəsait ayrılıb.

KOBİA tərəfindən mikro və kiçik sahibkarlara “Startap” şəhadətnaməsi də verilir. “Startap” şəhadətnaməsi KOB subyektlərini Vergi Məcəlləsinə uyğun olaraq, innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. İndiyədək mikro və kiçik sahibkarlara 14 “Startap” şəhadətnaməsi verilib.

KOBİA rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, yeni məhsul və xidmətlərin yaradılması məqsədilə KOB subyektlərinə daxili bazar araşdırmalarının aparılması üçün dəstək göstərir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 %-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50 %-i dövlət tərəfindən qarşılanır. Ümumiyyətlə, daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 min manata qədərdir. 2019-cu ildən başlayaraq bugünə qədər sahibkarların müraciətləri əsasında 12 daxili bazar araşdırması aparılıb. Sahibkarların müraciəti əsasında aparılan bazar araşdırmaları ilə yanaşı, KOBİA-nın təşəbbüsü ilə də daxili bazar araşdırmaları həyata keçirilir və hazırda 21 istiqamət üzrə daxili bazar araşdırmaları aparılır.

KOB-ların məhsullarının satışına və tanıdılmasına, bu məqsədlə onların təmənnasız olaraq ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstərilir. Sahibkarların məhsullarının satış imkanlarını genişləndirmək üçün KOBİA-nın dəstəyi ilə onlayn ticarət platforması – www.kobmarket.az yaradılıb. Hazırda bu portalda 80-ə yaxın onlayn mağaza fəaliyyət göstərir, 1 100-dən çox məhsul yerləşdirilib.

Sahibkarlar üçün dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, xidmətlərə vahid məkanda, rahat, maneəsiz və şəffaf çıxışın təmin olunması məqsədilə 2020-ci ildə Xaçmazda, 2021-ci ildə Yevlaxda Kiçik və Orta Biznes evi fəaliyyətə başlayıb. KOB evlərində sahibkarlar üçün dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətləri vahid məkanda təqdim olunur. Hazırda hər bir KOB evində 20-yə yaxın dövlət və özəl qurum tərəfindən 200-dən çox xidmət göstərilir.

Sahibkarların maraqlarının müdafiəsi, onların maarifləndirilməsi və investisiya təşəbbüslərinin reallaşdırılması üçün yerində dəstək və xidmətlər “KOB Dostu” şəbəkəsi vasitəsilə təmin edilir. Hazırda ölkənin 25 şəhər və rayonda 27 KOB dostu fəaliyyət göstərir.

Agentlik tərəfindən KOB-ların sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması üçün onlara ödənişsiz təlimlər keçirilir və məsləhət xidmətləri göstərilir. Bu xidmətlər ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri tərəfindən təmin edilir. 2021-ci il ərzində 8000-dən artıq sahibkar bu mərkəzlərin xidmətlərindən yararlanıb.

KOB subyektlərinin təlim və tədris imkanlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətləndirilməsi məqsədilə KOB subyektlərinin təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla video təlim platfoması hazırlanıb. Video təlim platformasında KOB subyektlərinin ehtiyaclarına uyğun şəkildə müxtəlif mövzular üzrə 180 təlim videosu, mövzuların təqdimatları və müvafiq özünüqiymətləndirmə testləri öz əksini tapır. Video təlimlərdən kobim.az saytında qeydiyyatdan keçməklə faydalanmaq olar. Həmçinin, KOB-ların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədilə KOBİA-nın tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”ndan indiyədək 467 sahibkar və menecer yararlanıb. Müasir dövrün inkişaf tendensiyasına uyğun olaraq, hazırda sahibkarlığın rəqəmsallaşdırılması, bazarlara çıxış və digər istiqamətlərdə Agentlik tərəfindən müvafiq işlər həyata keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti