Azərbaycan və Dağıstanın biznes nümayəndələri əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək

Biznes
  • 13 avqust, 2024
  • 15:05
Azərbaycan və Dağıstanın biznes nümayəndələri əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək

Azərbaycandan olan biznes nümayəndə heyətinin Rusiya Federasiyasının Dağıstan Respublikasına rəsmi səfəri baş tutacaq.

Bu barədə “Report” Dağıstan İxraca Dəstək Mərkəzinə (İDM) istinadən xəbər verir.

Azərbaycandan olan iri holdinqlərin və distribütorların nümayəndələri Dağıstana səfərləri zamanı Rusiya Federasiyasının subyektinin bir sıra müəssisələrinə baş çəkmək və Dağıstan məhsullarının keyfiyyətini qiymətləndirmək niyyətindədirlər.

Dağıstan rəhbərinin köməkçisi, İDM-in direktoru Ruslan Abaskuliyev qeyd edib ki, səfər proqramına həmçinin respublikanın bəzi müəssisələri ilə işgüzar danışıqlar da daxildir.

Belə ki, 800-ə yaxın iri qida məhsulu brendi ilə işləyən və Azərbaycanda 3 mindən çox pərakəndə satış məntəqəsini məhsullarla təmin edən “Avrora” distribütor şirkətinin nümayəndələri Dağıstana yollanacaqlar. Şirkət həmçinin təbbi şirə və içkilər, qənnadı məmulatları və s. istehsalı üzrə bir sıra öz müəssisələrindən ibarətdir.

Nümayəndə heyətinə həmçinin təkcə məhsulların tədarükü deyil, həm də malların paylanması, eləcə də onlayn ticarətlə məşğul olan “Vumes” distribütor şirkətinin nümayəndələri də daxildir.