Azərbaycan, Türkiyə və Pakistan arasında birgə müəssisə yaradılacaq
- 07 aprel, 2022
- 08:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatası Azərbaycan, Türkiyə və Pakistan şirkətləri arasında müştərək sənaye müəssisənin yaradılmasına kömək etməkdə qərarlıdır.
Bunu “Report”a açıqlamasında Palatanın sədri Xürrəm Bhattin deyib.
X.Bhattin qeyd edib ki, bu cür müəsisənin yaradılması ilə üçtərəfli işgüzar əlaqələri daha da gücləndirmək istəyirik.
"Hər üç ölkədən bir investor gətirə biləcəyimiz müxtəlif sənaye sahələrini nəzərdən keçiririk. Belə bir müəssisənin yaradılması potensial olaraq Ələt Azad İqtisadi Zonada mümkündür. Belə ki, Ələt Azad Zonasında müəssisələr üçün böyük vergi və gömrük güzəştləri təklif edilir. Azərbaycanda fəaliyyət göstərən Türkiyə Biznes Şurası ilə əvvəl apardığımız danışıqlara əsasən, Şura ilə bu mövzuda əlavə müzakirələrin aparılması planlaşdırılır. Ümid edirik ki, bu üçtərəfli birgə müəssisədə maraqlı olan tərəfləri tezliklə müəyyən edə biləcəyik”.
Xatırladaq ki, hazırda Azərbaycanda Türkiyənin 4 200-dən çox şirkəti fəaliyyət göstərir. 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 12 % artaraq 4 milyard 661,8 milyon ABŞ dolları təşkil edib. Bu ilin ilk iki ayında isə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 72,4 % artaraq 933 milyon 424 min ABŞ dolları təşkil edib.
Hazırda 2 minə yaxın Pakistan şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 2021-ci ildə 2020-ci illə müqayisədə 11,6 % azalaraq 11 milyon 729 min ABŞ dolları təşkil edib. Bu ilin ilk iki ayında isə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 % artaraq 3 milyon 391 min ABŞ dolları təşkil edib.