Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.
"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 13,6 % artaraq 803,1 milyon ABŞ dolları olub.
Hesabat dövründə şəkər və şəkərdən hazırlanan qənnadı məhsulların ixrac dəyəri 61,8 % artaraq 35,2 milyon ABŞ dolları, pambıq lifinin ixrac dəyəri 63,9 % artaraq 161,4 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylərin ixrac dəyəri 29,4 % artaraq 22,8 milyon ABŞ dolları, kimya sənayesi məhsullarının ixrac dəyəri 18,6 % artaraq 237,3 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixrac dəyəri isə 15,8 % artaraq 59,4 milyon ABŞ dolları təşkil edib.
10 ay ərzində aqrar məhsulların ixrac dəyəri 5,7 % artaraq 603,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 60,3 % artaraq 260,9 milyon ABŞ dolları olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 17,8 % artaraq 864,4 milyon ABŞ dolları təşkil edib.