Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışı olub

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışı olub Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılış mərasimi keçirilib.
Biznes
22 Avqust , 2024 15:05
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışı olub

Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, bunu tədbirdə iştirak etmiş iqtisadiyyat naziri Mikayıl Cabarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışında iştirak etdik. Birgə sərmayəyə əsaslanan investisiya şirkətinin fəaliyyəti qarşılıqlı investisiyalar sahəsində əməkdaşlığı yeni səviyyəyə yüksəldəcək. İlkin olaraq 15-ə qədər layihənin maliyyələşdirilməsi ilə bağlı təhlil aparan şirkətin gələcəkdə ikitərəfli strateji investisiyaların genişləndirilməsi, özəl sektorun dəstəklənməsi və sahibkarlığın stimullaşdırılması istiqamətində fəaliyyəti artacaq. Uğurlu investisiyalar yeni səmərəli layihələr və iş yerləri yaradacaq, ölkələrimizin davamlı iqtisadi artımına töhfə verəcək", - deyə o qeyd edib.

İqtisadiyyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, nazir Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, həmçinin iki ölkənin müvafiq qurumlarının nümayəndələri ofisdə yaradılan şəraitlə tanış olublar.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib. Qurumun missiyası iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49%-ə qədər paya sahib olmaqla biznesin genişləndirilməsi və gələcək inkişafı üçün maliyyələşməni təmin etməkdir. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Birgə müəssisənin strateji məqsədi idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, emal sahələri və innovasiyaların inkişafı, xarici investisiyaların cəlb edilməsidir.

Son xəbərlər

Orphus sistemi