Azərbaycan məhsulları "Trendyol" üzərindən satışa çıxarıla bilər
- 16 dekabr, 2022
- 07:33
Türkiyənin məşhur elektron ticarət platforması Azərbaycan şirkətlərinin məhsullarının "Trendyol" üzərindən satışa çıxarılmasında maraqlıdır.
"Report" xəbər verir ki, bunu "Trendyol"un İcra Komitəsinin üzvü Ozan Acar bu gün Bakıda keçirilən "Azərbaycanın 1-ci E-ticarət günü" elektron ticarət konfransında bildirib.
O, Azərbaycan şirkətlərini öz məhsullarını platforma üzərindən satmağa dəvət edib.
"Əslində bu gün bizə Türkiyə və Azərbaycanın "Trendyol"u demək daha doğru olardı. O, Azərbaycan əhalisi üçün ən çox üstünlük verilən onlayn alış-veriş platformasıdır. Biz Azərbaycandan olan satıcıları da platforma üzərindən Türkiyədəki müştərilərə öz məhsullarını satmaq yönündə birlikdə çalışmağa dəvət edirik. Gördüyüm qədəri ilə son illər Azərbaycanda, xüsusilə əl işləri sektorunda kifayət qədər keyfiyyətli məhsullar var. Eyni zamanda tekstil, hazır məhsul istiqamətində ciddi inkişaf var. Lakin nəzərə almaq lazımdır ki, biz xarici şirkətləri birbaşa olaraq öz paltformamıza qəbul edə bilmirik. Buna görə, onlar Türkiyədə şirkət yaratmalıdırlar",- deyə O. Acar bildirib.
Onun sözlərinə görə, Azərbaycandan "Trendyol" ticarət platforması üzərindən alınanların 70 %-ə yaxını hazır geyimdir.
"Əsasən hazır geyim, o cümlədən uşaq geyimləri alınır. Bununla yanaşı ev aksesuarlarına da üstünlük verilir. Bu məhsulların çatdırılması ilə Azərbaycanda yaradılan 200-ə yaxın logistika şirkəti məşğuldur. Əslində onlar ümumiyyətlə Türkiyədən alınan məhsullara logistika xidməti göstərir. Ancaq biz ölkənin ən çox satınalmaların həyata keçirildiyi platforma olduğumuz üçün onların hamısı bizimlə işləyir", -deyə O. Acar bildirib.