Azərbaycan Körfəz ölkələrindən birinə yenidən qara kürü tədarük etməyə başlayıb
- 15 dekabr, 2021
- 07:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 61,76 min ABŞ dolları dəyərində 0,05 ton nərə balıqlarının kürüsünü (qara kürü) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 2,15 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Birləşmiş Ərəb Əmirliklərinə 33,4 min ABŞ dolları dəyərində 0,01 ton, ABŞ-a 15,97 min ABŞ dolları dəyərində 0,02 ton, Honq-Konqa-a 8,04 min ABŞ dolları dəyərində 0,01 ton, təyin olunmayan ölkəyə 4,35 min ABŞ dolları dəyərində 0,01 ton qara kürü tədarük olunub.
Dördillik aradan sonra BƏƏ-yə tədarük bərpa olunub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu ölkəyə ixrac kəmiyyət olaraq sabit qalsa da dəyər ifadəsində 4,5 dəfə artıb. Digər ölkələrə isə son 10 ildə (Qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ixac olmayıb.
2021-ci ilin ilk 9 ayı ərzində ölkəmizə 806,4 min ABŞ dolları dəyərində 2,66 ton qara kürü idxal olunub. Ötən ilin eyni dövrünün göstəricilirəri ilə müqayisədə bu məhsulun idxalı həm dəyər həm də kəmiyyət ifadəsində 2,7 dəfə artıb.
Azərbaycana kürü əsasən Çindən gətirilir. 2020-ci ilin yanvar-sentyabr aylarındakı qara kürü idxalımızın 95,7 %-i, 2019-cü ilin – 90,44 %-i, 2018-ci ilin – 82,04 %-i, 2017-ci ilin – 96,65 %-i, 2016-cı ilin – 93,1 %-i, 2015-ci ilin - 100 %-i Çinin payına düşüb. Hesabat dövründə bu ölkədən 800 min ABŞ dolları dəyərində 2,65 ton məhsul idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər həm də kəmiyyət ifadəsində 2,8 dəfə çoxdur. Azərbaycan qara kürünü eyni zamanda İran, Belarus və Niderlanddan tədarük edib. Həmin ölkələrdən müvafiq olaraq 4,69 min ABŞ dolları, 1,3 min ABŞ dolları və 0,37 min ABŞ dolları dəyərində məhsul alınıb.