Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin Pakistanın “9D Technologies” şirkəti ilə mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Pakistan şirkətinin baş direktoru Abdul Salamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkəmizdə innovativ sahibkarlığın inkişafına dəstək məqsədilə KOBİA-nın startaplara, mikro və kiçik sahibkarlara göstərdiyi müxtəlif dəstək və xidmətlər barədə məlumat verilib, informasiya-kommunikasiya texnologiyaları sahəsində KOB-ların rolunun artırılması və şirkətlə əməkdaşlıq imkanları müzakirə edilib.