Azərbaycan daha 3 ölkədən hibrid avtomobil almağa başlayıb
- 04 avqust, 2023
- 06:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 125,58 milyon ABŞ dolları dəyərində 5 min 884 ədəd hibrid avtomobilləri (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) gətirib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,6 dəfə, kəmiyyət olaraq – 16 % çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 38,574 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 dəfə çoxdur) 565 ədəd (+8,8 dəfə), Yaponiyadan 37,72 milyon ABŞ dolları dəyərində (+40 %) 3 min 637 ədəd (-18 %), Çindən 18,637 milyon ABŞ dolları dəyərində (+14 dəfə) 611 ədəd (+8,7 dəfə), Amerika Birləşmiş Ştatlarından 12,55 milyon ABŞ dolları dəyərində (+22 %) 501 ədəd (+46 %), Koreyadan 7,32 milyon ABŞ dolları dəyərində (+7,6 dəfə) 293 ədəd (+5 dəfə) hibrid avtomobilləri alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan (162,76 min ABŞ dolları dəyərində 4 ədəd), Hindistandan (27 min ABŞ dolları dəyərində 1 ədəd) və Amerika Samoasından (23 min ABŞ dolları dəyərində 1 ədəd) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (15 ölkədən) idxal edilmiş 155,4 milyon ABŞ dollarlıq hibrid avtomobillərin 44,3 %-i Yaponiyanın, 21,1 %-i Amerika Birləşmiş Ştatlarının, 20,6 %-i Almaniyanın payına düşüb.