Azərbaycan-Çexiya Qarışıq Komissiyasının 5-ci iclası keçirilib

Azərbaycan-Çexiya Qarışıq Komissiyasının 5-ci iclası keçirilib Praqada Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 5-ci iclası keçirilib.
Biznes
6 Mart , 2023 11:53
Azərbaycan-Çexiya Qarışıq Komissiyasının 5-ci iclası keçirilib

Praqada Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 5-ci iclası keçirilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasda iştirak etmək üçün nazir müavini, Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyaya səfər edib.

İclasdan əvvəl S.Məmmədov Çexiyanın sənaye və ticarət nazirinin müavini Petr Tresnakla görüşüb. Görüşdə nazir müavini ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb və qeyd edib ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər və işgüzar tədbirlər bu baxımdan mühüm rola malikdir.

Onun sözlərinə görə, Azərbaycanla Çexiyanın iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bununla yanaşı, qarşılıqlı ticarət, investisiya, sənaye, neft-qaz, nəqliyyat-tranzit, turizm və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə reinteqrasiya və biznesin dirçəldilməsi məqsədilə görülən işlər, investorlara yaradılan imkanlar barədə ətraflı məlumat verilib. P.Tresnak ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini bildirib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Daha sonra Qarışıq Komissiyanın iclası keçirilib. İclasda qarşılıqlı iqtisadi əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin önəmi, bu baxımdan Qarışıq Komissiyanın əlverişli platforma olduğu diqqətə çatdırılıb, çex şirkətləri azad olunmuş ərazilərimizdə, həmçinin Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında layihələrin həyata keçirilməsində iştiraka, habelə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasında əməkdaşlığa dəvət olunub.

İclasda ticarət, investisiya, sənaye, maliyyə, nəqliyyat, enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, innovasiya, texnologiya, turizm və hava nəqliyyatı, torpaq planlaşdırılması, standartlaşdırma və s. sahələr üzrə geniş əməkdaşlıq qurulması barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi