Azərbaycan Bolqarıstandan kolbasa tədarük etməyə başlayıb
- 03 may, 2023
- 06:07
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 2,8 milyon ABŞ dolları dəyərində 1 min ton kolbasa idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 37 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 42 % çoxdur) 845,2 ton (+55,6 %), Belarusdan 247 min ABŞ dolları dəyərində (+13 %) 50,81 ton (-14,5 %), Türkiyədən 175,1 min ABŞ dolları dəyərində (+40 %) 41,94 ton (+76 %), Almaniyadan 163,6 min ABŞ dolları dəyərində (-18 %) 40,54 ton (-32,6 %), Litvadan 33,41 min ABŞ dolları dəyərində (+48 %) 6,94 ton (+52,2 %) kolbasa gətirib.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstandan (12,61 min ABŞ dolları dəyərində 1,02 ton) tədarük həyata keçirilib.
Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycana idxal edilən (15 ölkədən) 5 min 236 ton kolbasanın 75,7 %-i Rusiyanın payına düşüb.