Auditorlar Palatası ilə Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) arasında onlayn işgüzar görüş keçirilib.
Bu barədə “Report”a Palatadan bildirilib.
Məlumata görə, görüşdə qurumun sədri Vahid Novruzov, onun müşaviri Fəqan Qarayev və EFAA-nın prezidenti Salvador Marin iştirak ediblər. Qonaq V.Novruzova Palatanın EFAA-nın təşkil etdiyi beynəlxalq tədbirlərdə yaxından iştirak etdiyinə, qurumun Audit, Mühasibatlıq və Rəqəmsallaşma üzrə Ekspert Qruplarında təmsil olunduğuna, audit və mühasib peşəsinin inkişafına öz önəmli töhfəsini verdiyinə görə təşəkkürünü bildirib, ümumilikdə EFAA-nın tamhüquqlu üzvü olan Palatanın fəaliyyətini yüksək qiymətləndirib.
O, EFAA-nın qarşıdakı 2 ili əhatə edən strateji planından bəhs edib və hər iki qurumun rəhbəri gələcək əməkdaşlığın inkişafından danışıblar. Daha sonra S.Marin V.Novruzovu EFAA-nın 2021-ci il 25 iyun tarixində keçiriləcək İllik Ümumi İclasında iştirak etməyə dəvət edib.
Sonda V.Novruzov koronavirus (COVID-19) pandemiyas; dövründə auditin qarşısında duran vəzifələrdən, ölkə prezidentinin rəhbərliyi altında iqtisadi inkişafın dayanıqlılığı, şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatının azaldılması istiqamətində aparılan uğurlu islahatlardan və bu sahədə auditin əhəmiyyətindən bəhs edib.