"İgid oğlanlarımız, idmançılarımız var ki, nüfuzlu yarışlarda himnimizi səsləndirirlər. Bütün Avropa nəyə qadir olduğumuzu görür".
Bunu "Report"un Krakova ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanan Tural Ağalarzadə (67 kq) barədə danışarkən deyib.
O, yarışda Dövlət Himnini səsləndirməklə xalqımızı sevindirdiklərini bildirib: "Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin rəsmiləri də bizimlədir. Sağ olsunlar ki, sevincimizi bölüşürlər. Prezident İlham Əliyev hər zaman idmana dəstək olub. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Avropa Oyunları da bunu bir daha göstərdi".
Y. Bəşirov Ağalarzadədən medal gözlədiklərini gizlətməyib: "Əslində çətin oldu. Düzdür, daha çox medal gözləyirdim. Turalın qələbəsi bizi çox sevindirdi. Sabah yenidən himnimiz səslənə, bayrağımız ucala bilər. İstərdim ki, tək bizdə yox, digər idman növlərində də medallarımızın sayı çox olsun".